"Hazırda 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir".
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc Bakıda keçirilən Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müvafiq hüquqi bazada “Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır: "Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir".
STM rəhbəri bildirib ki, Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var: "Hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxəssis lazımdır".