Bakı. 23 sentyabr. REPORT.AZ/ Alim Qasımov və Fərqanə Qasımova oktyabrın 29-da Nyu-Yorkun Rose Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, konsert çərçivəsində tanınmış muğam ustaları “Leyli və Məcnun” əsərini təqdim edəcəklər. Bu mümkünsüz sevgi motivlərinə İpək Yolundan keçən bütün mədəniyyətlərdə rast gəlinir. Leyli və Məcnun fars və ərəb folklorunun əsas qəhrəmanları və XX əsrin əvvəlində yazılmış ilk müsəlman operasının əsas mövzusudur.
Səhnəyə muğam ustaları Alim Qasımov və Fərqanə Qasımova ilə yanaşı, “İpək yolu” ansamblı, xoreoqraf Mark Morrisin ilhamlandırıcı adaptasiyasında rəqs qrupu da çıxacaq. Mark Morrisin rəqs qrupu mərhum abstraksionist rəssam Hovard Hodjkinin dizayn verdiyi geyimlərdə olacaq.
Səhnədə Alim Qasımov dahi Üzeyir Hacıbəylinin bəstələrini Conni Qandelsman və Kolin Yakobsenin aranjimanında səsləndirəcək. Alim Qasımov Məcnunun, Fərqanə Qasımova isə Leylinin partiyasını oxuyacaq. Əsər ingilis titrləri ilə Azərbaycan dilində təqdim ediləcək.