Elxan Paşayev: "Hazırda moda və model sahəsində, təşkilati bacarıqlarda özümə rəqib görmürəm"

Elxan Paşayev: "Hazırda moda və model sahəsində, təşkilati bacarıqlarda özümə rəqib görmürəm" Azərbaycanda moda sənayesinin tanınmış sahibkarı və bir çox model layihələrinin, müxtəlif festivalların ideya müəllifi və təsisçisi, həmçinin "Best Model of Azerbaijan"ın direktoru Elxan Paşayev yeni açıqlamaları ilə gündəmə gəlib.
Şou-biznes
13 İyun , 2024 11:56
Elxan Paşayev: Hazırda moda və model sahəsində, təşkilati bacarıqlarda özümə rəqib görmürəm

Azərbaycanda moda sənayesinin tanınmış sahibkarı və bir çox model layihələrinin, müxtəlif festivalların ideya müəllifi və təsisçisi, həmçinin "Best Model of Azerbaijan"ın direktoru Elxan Paşayev yeni açıqlamaları ilə gündəmə gəlib.

Elxan Paşayev hal-hazırda yeni layihələr üzərində işlədiyini bildirərək yenə də gündəmi zəbt edəcəyinin sözünü verib:

"Moda sənayesində fəaliyyətim 9 il öncə model karyerasına başlamağımla olub. Bu sahə üzrə mənim üçün əsas qayə sahəni bütün xırda detallarına qədər mənimsəmək, hər şeyi dünya standartlarına uyğun formada keçirməkdir. Çalışdığımız layihələrdə ölkəmizin milli-mənəvi dəyərlərini qorumaq da əsas məqsədlərimizdəndir. Hazırda "Best Model of Azerbaijan"ın 2024-cü il seçimlərinə başlamaqdayıq. Bu istiqamətdə gərgin iş gedir. Güman ki, yay aylarında seçim, sentyabrda açılış, dekabrda isə möhtəşəm finalımız olacaq.

Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bu layihə çərçivəsində çox istəyərdim ki, Azərbaycanın bütün sahələrdə xarici qonaqlara tanıdılmasına pay sahibi olum. Bu mənada, milli ornamentlərimizi özündə əks etdirən, Azərbaycanın milli geyim və naxışlarını, milli dizaynerlərimizin əl işlərinin nümayişini həyata keçirmək planlarım siyahısındadır. Hazırda bu layihə üzərində də çalışıram".

Moda mütəxəssisi son dövrlərdə bu sahədə özünü göstərmək istəyənlərə də məsləhət verib:

"Ölkəmizdə sahibkarlığın inkişafı üçün yetərincə şərait yaradılıb. Bu sahədə rastlaşdığım uğursuz və zəif layihələrə baxanda məyusluq hissi keçirirəm. Bu cür layihələrin uğursuz olmasında, təcrübəsizlik rol oynayır. Onlara özlərini təkmilləşdirmələrini məsləhət görmək istəyirəm".

Moda fenomeni bu sahədə özünə qətiyyən rəqib görmədiyini də deyib:

"Bu sahədə ilk addımlarımı atarkən qarşıma qoyduğum məqsəd ölkədə moda sahəsində görüləcək işlərin ən mükəmməlinə imza atmaq olub. Sahənin inkişafı üzrə kifayət qədər işlər görmüşəm və hal-hazırda moda sahəsində özümə rəqib görmürəm. Ölkənin ən mötəbər və tanınmış layihəsi "Best Model of Azerbaijan"ın direktoru olduğum müddətdə qazandığım uğurlar bunu deməyimə əsas verir".

Elxan Paşayev hazırkı statusu qazanmağın heç də asan başa gəlmədiyini və bir çox qurbanlar verdiyini də qeyd edib:

"Milli Aviasiya Akademiyasını qırmızı diplomla bitirmişəm və 5 il Azərbaycan Hava Yollarında sırf marketinq üzrə aparıcı mütəxəssis olaraq çalışmışam. 31 yaşım var, bu yaşıma qədər sevdiyim sahə üzrə müxtəlif uğurlar qazanmış, Elxan Paşayev adını bir brendə çevirməyi bacarmışam".

"Best Model of Azerbaijan" layihəsinin direktoru kimi yenə də gündəmi silkələyəcəyini deyən Elxan Paşayev layihənin ölkə adına ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb:

"Best Model of Azerbaijan" ən böyük təşkilatçılıq qabiliyyətinə malik layihədir. 2021-ci ildə Olimpiya stadionunda, 2022-ci ildə "Crystal Holl"da, 2023-də Alov Qüllələrində çox böyük, gündəm yaradan, ölkədə səs-küy yaradan finallar etmişik. Layihədə Azərbaycanın adının təmsil olunması mənim üçüm ciddi önəmə sahibdir. Builki layihədə layiqli təmsilimizin seçilməsini arzu edir, eləcə də dünya standartlarına uyğun açılış, mətbuat konfransı və final üçün əlimizdən gələn hər şeyi edəcəyimizin sözünü verə bilərəm".

Peşəkar moda mütəxəssisi "Best Model of Azerbaijan"ın qalibləri ətrafında sosial mediada gedən müzakirələrə də toxunub:

"Best Model of Azerbaijan"ın direktoru olduğum gündən dünya üzrə Azərbaycana birinci və ikincilik, daha sonra üçüncü və dördüncülük gətirən nəticələrimiz olub. Doğrudur, zövqlər müzakirə edilmir, amma biz həm də çalışırıq ki, hər kəsin gözünə və zövqünə xitab etməyi bacaraq".

https://www.instagram.com/elkhanpashayev?igsh=OGQ5ZDc2ODk2ZA==

Son xəbərlər

Orphus sistemi