Azərbaycanın mili “Ləzzət Gəmisi” (Ark of Taste) menyusu ictimaiyyətə təqdim edilib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, menyu Avropa İttifaqının maliyyələşdirdiyi "Böyük Qafqaz Dağları Bölgəsində İcma əsaslı Dəyər Zəncirinin İnkişafı" (COVCHEG) layihəsi çərçivəsində hazırlanıb.
Bu menyu, tezliklə yox ola biləcək beynəlxalq “Slow Food” kataloqu siyahısına daxil olan “Ləzzət Gəmi”sinin bir hissəsi olan üzüm, düyü, qoz –fındıq və digər ərzaq növləri kimi yerli inqrediyentlərdən istifadə edilərək hazırlanıb. Hazırda bu kataloqa Azərbaycandan 31 məhsul daxil edilib.
Bundan başqa, bu məhsullar “Slow Food Presidia” tərəfindən bir yerə yığılan yerli fermer və qida istehsalçıları tərəfindən hazırlanır. Bu istehsalçılar, keyfiyyətli istehsalın davam etdirilməsinə, ənənəvi emal üsullarının bərpasına, yerli cinsləri, yerli bitki növlərini, eləcə də bənzərsiz bölgələri və ekosistemləri qorumağa təşviq edilir.
Təqdimat zamanı qonaqlar unikal təamları dadmaqla yanaşı istehsalçılar və alyansa üzv olan aşpazlarla bilavasitə tanış olma imkanı da qazanıblar.
Keyfiyyətli, təmiz və ədalətli qida prinsipinə əsaslanan menyunun tərtibatçıları “Slow Food” Aşpazlar Alyansının üzvləri tanınmış aşpazlar Orxan Muxtarov və Əbülfəz Həbibovdur. Hazırda bioloji müxtəlifliyi qoruyan və ədalətli qida istehsalçılarını dəstəkləyən beynəlxalq aşpazlar şəbəkəsi olan Alyansa 400-dən artıq aşpaz daxildir və onların da 9-u Azərbaycandan olan nümayəndələrdir.
“Ləzzət Gəmisi” menyusunun tanıdılması, Azərbaycanın süfrəyə yenidən qoyulması lazım olan yerli məhsulları haqqında məlumatlılığın artırılmasında və ölkədə daha davamlı təcrübələrin inkişaf etdirilməsində başqa bir mərhələdir”, - deyə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.
Qeyd edək ki, “Ləzzət Gəmisi” və “Presidia”ya əlavə olaraq, COVCHEG layihəsi çərçivəsində "Slow Food Travel" (SFT) konsepsiyası da hazırlanıb. SFT konsepsiyasını inkişaf etdirməyin məqsədi, yerli fermerlər, çobanlar, şərabçılar, qəssablar və ya çörəkçilərlə görüşməklə, yerli qastronomik ənənələr haqqında daha çox məlumat əldə etməklə birinci əl kulinariya təcrübələri ilə səyahəti birləşdirməkdir.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşən "COVCHEG" (Böyük Qafqaz Dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi) layihəsi Beynəlxalq Slow Food Assosiasiyası və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilir. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq , dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slow Food Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.
“Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.