Assosiasiya sədri: "10 il əvvəl Azərbaycanda ancaq getmə turizmi var idi"

Assosiasiya sədri: "10 il əvvəl Azərbaycanda ancaq getmə turizmi var idi" "2010-2020-ci illərdə Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra faydalı işlər görülür, uğurlu layihələr icra edilib və bu proses davam edir".
Turizm
10 Avqust , 2021 17:32
Assosiasiya sədri: 10 il əvvəl Azərbaycanda ancaq getmə turizmi var idi
Əhməd Qurbanov

"2010-2020-ci illərdə Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra faydalı işlər görülüb, uğurlu layihələr icra edilib və bu proses davam edir".

Bunu "Report"a açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

"10 il əvvəl Azərbaycanda yalnız getmə turizmi var idi, gəlmə turizmi isə yox idi. Yəni, vətəndaşlarımız başqa ölkələrə səyahət edirdi, ölkəmizə səyahətə gələnlərin sayı isə o qədər də çox deyildi. Lakin 10 il ərzində ölkəmizə gələn turistlərin sayı da artdı və 2019-cu ildə bu rəqəm 3 milyona çatmışdı. Koronavirus (COVID-19) pandemiyası olmasaydı, hədəflərimiz 4-5 milyon nəfər idi", - deyə o, qeyd edib.

Ə.Qurbanovun sözlərinə görə, son 10 ildə Azərbaycan turizmi yeni bazarlara, yeni seqmentlərə açılış edib: "Ənənəvi turistlərlə yanaşı Çin kimi yeni bazarlarla da işləməyə başladıq. Bu bazar ən gəlirli bazarlardan biridir. 2016-cı ildə Azərbaycanda "ASAN Viza" sisteminin yaradılması ilə turistlərin ölkəyə gəlməsi çox asanlaşdı. Hava limanında viza almaq imkanı turizmin inkişafı üçün böyük təkan oldu. Bu 10 ildə həmçinin yeni hotellər tikildi. Brend sayılan, tanınmış hotellər ölkəmizə gəldi və hələ də fəaliyyətini davam etdirir. Bu yaxınlarda da Prezident yeni 5 ulduzlu hotellərin açılışını etdi. Bu da onu göstərir ki, turizmə nə qədər böyük diqqət və qayğı var, artıq zəmin hazırlanır ki, yeni turistlər ölkəyə gəlsin".

"Ölkəmizdə işgüzar turizm üçün də bir çox imkanlar yaradıldı. Nümunə olaraq "Azərbaycan Konqreslər Bürosu" MMC-nin yaradılmasını göstərə bilərəm. Bu, işgüzar turizmlə bağlı bütün tədbirlərin daha da yüksək səviyyədə keçirilməsinə şərait yaratdı. Şahid oluruq ki, görülmüş işlər hər zaman turizmi bir addım qabağa aparmağa hesablanıb və ümid edirik ki, pandemiya bir az da səngiyəndən sonra postpandemiya dövründə daha yaxşı, daha sürətli inkişafımız təmin olunacaq", - deyə o əlavə edib.

AzTA sədri rəhbərlik etdiyi qurumun daim dövlətin yanında olduğunu da qeyd edib: "Assosiasiya olaraq 12 ildən artıqdır ki, fəaliyyət göstəririk. Bu müddətdə hər zaman turizmin inkişafı üçün dəstəyimizi əsirgəməmişik. Dövlət tədbirlərində iştirak etmişik və xaricdə keçirilən sərgilərdə turizm şirkətlərini bir araya toplayaraq iştirakını təmin etmişik. Bu da ölkəmizə daha çox turist, daha çox qazanc imkanı təmin edib".

Son xəbərlər

Orphus sistemi