Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti və Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili arasında görüş keçirilib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında turizm və mülki aviasiya sahələrində əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Əsas diqqət COVID-19 pandemiyasının hər iki sahədə yaratdığı çağırışlara yönəldilib.
Qeyd olunub ki, hədəf ölkələrdən Cənubi Qafqaza daha çox ziyarətçinin cəlb olunması üçün region ölkələrinin səylərinin birləşdirilməsi vacibdir və bu da öz növbəsində hər bir ölkədə turizm və mülki aviasiya sektorlarının gələcək inkişafına kömək edə bilər.