Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Azerbaijan.Travel" qonaq mərkəzinin dəstəyi ilə iki ölkə arasında birgə turların inkişafından bəhs edən vebinar keçirilib.
"Report" Agentliyə istinadən xəbər verir ki, görüşdə ATB və Gürcüstan Milli Turizm Administrasiyasının nümayəndələri iştirak edib.
Tərəflər müştərək turizm məhsulları barədə ideyalar və birgə turları uzunmüddətli səyahətçilər üçün cəlbedici etmək planları barədə müzakirələr aparıb.
Müzakirələr mədəni və tarixi irs, sağlamlıq, qastronomiya, macəra turizmi, quş müşahidəçiliyi, trans-Qafqaz haykinq yolları, “İter Vitis Qafqaz” şərab marşrutu, “Əli və Nino” turizm marşrutu və digər məhsullar üzrə mövzuları əhatə edib.
“Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” çərçivəsində keçirilən onlayn görüşdə Gürcüstanın turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatları da iştirak edib.
Layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.