Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans formatında görüş təşkil olunub.
Bu barədə "Report"a DTA-dan məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Onlayn görüşdə həmçinin 2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayının 50 % artaraq 3 500 nəfərə çatdığını, ancaq bu rəqəmlərin iki ölkə arasında turizm əlaqələrinin potensialını tam əks etdirmədiyini, bu səbəbdən qarşılıqlı tanıtımlar vasitəsilə turizm əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulanıb.
Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətlərin stimullaşdırmaq üçün info turların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirlməsinin təmin edilməsini və iki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivləri kimi məqamların vacibliyini qeyd ediblər.
F.Nağıyev tacikistanlı həmkarına Azərbaycanda turizmin inkişafına son illərdə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyi, hökumət tərəfindən pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün dəstək paketinin təqdim olunması haqqında məlumat verib.
Agentlik sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun Azərbaycan turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib. F.Nağıyev T.Jurazodanı Azərbaycana dəvət edib.