Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə keçirdiyi görüşdə müzakirə olunub.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, sədr bu il Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. Səfir isə öz növbəsində ölkəsinin vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüş çərçivəsində Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında fikir mübadiləsi aparılıb.
F.Nağıyev həmçinin İordaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib. Qəbulda ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.
Agentlik sədrinin Tacikistan səfiri İlxom Abduraxmonla görüşündə isə iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb. Görüşdə turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.