“Postpandemiya dövründə daxili turizm bütün dünyada olduğu kimi, Azərbaycanda da prioritet istiqamət olacaq, bölgələrimizin turizm baxımından inkişafı üçün daha çox əhəmiyyət kəsb edəcək".
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O, qeyd edib ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycanın turizm potensialından ən səmərəli yollarla istifadə edilməsidir: “Cari ilin əvvəlindən Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə bir qədər çoxalıb.
Pandemiya ölkəmizə ayaq açan vaxtlarda tərəfimizdən daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etmək üçün bu sahədə inkişafa və vətəndaşların fəallaşmasına hədəflənən “Macəra yaxındadır” kampaniyasına start verildi.
Son dövrlər dünyada aqroturizm və kənd turizmi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Bu turizm növləri turistlərin regionlara cəlb edilməsi ilə məşğulluğun artması, vətəndaşların rifah halının yaxşılaşdırılması, kənd əhalisinin gəlirlərində davamlılığa nail olmaq, kəndlərdən miqrasiyanın azaldılması, mədəni irsin və yerli qastronomiyanın təbliği üçün mühüm amillərdəndir. Ölkəmizdə, xüsusən bölgələrimizdə bu sahənin inkişafı turizmin mövsümiliyinin aradan qaldırılmasına və dayanıqlılığa nail olunmasına şərait yaradacaq”.
F. Nağıyevin sözlərinə görə, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına görə daxili turizmdən istifadə azaldı və 2020-ci ildə 3 milyona yaxın daxili turizm səfəri təxirə salınıb.