“Dövlətin vergi siyasətinin formalaşdırılması zamanı yerləşmə vasitələrinin bütün növlərinə differensial yanaşmanın tətbiq edilməsinin nəzərə alınmasını vacib hesab edirik”.
Bu, “Report”un Azərbaycanda hotelçilik sahəsinə dair işçi qrup yaradılması ilə bağlı sorğusuna cavab olaraq “Azərbaycan Hotel Assosiasiyasından (AHA) bildirilib.
"Məlumdur ki, Azərbaycanda turizm sahəsinin inkişafı turizm sənaye subyektləri arasında yerləşmə vasitələrinin, xüsusilə mehmanxanaların fəaliyyətinin genişlənməsinə töhfə verir. Assosiasiya olaraq, dövlətin vergi siyasətinin formalaşdırılması zamanı yerləşmə vasitələrinin bütün növlərinə differensial yanaşmanın tətbiq edilməsinin nəzərə alınmasını vacib hesab edirik. Sözügedən yanaşmanın tətbiqi nəticəsində mehmanxanaların hesabatlılığının və şəffaflığının artırılması ilə bərabər onların fəaliyyətinin inkişafına, yeni kiçik və orta sahibkarlıq subyektlərinin meydana gəlməsinə şərait yaranacaq. Qeyd edilənlər çərçivəsində, Dövlət Vergi Xidməti və Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq çərçivəsində atılacaq addımlar gələcəkdə yerləşmə sənayesinin inkişafına, Azərbaycanın digər turizm destinasiyaları ilə müqayisədə rəqabətqabiliyyətliyinin artırılmasında böyük rol oynayacağına inanırıq”, - deyə qurum bəyan edib.
Assosiasiyadan o da bildirilib ki, yeni işçi qrupu Dövlət Vergi Xidmətinin həyata keçirdiyi vergi siyasətinin yerinə yetirilməsinə də müsbət təsir edəcək: “Yaradılacaq işçi qrup yerləşmə vasitələrinin fəaliyyəti ilə əlaqədar güzəştli və obyektiv dövlət vergi siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək. Belə ki, işçi qrupu bu sahədə hazırlanmış qanunvericilik layihələrinə hotel sənayesi nümayəndələrinin rəy və təkliflərinin öyrənilməsi, müvafiq məlumat mübadiləsinin aparılması, habelə həmin layihələrin tətbiqi nəticəsində sənayenin fəaliyyətində yaranacaq təsirlərin və risklərin qiymətləndirilməsi funksiyasını daşıya bilər”.
Xatırladaq ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Dövlət Turizm Agentliyi, “Milli Otel Assosiasiyası” İctimai Birliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə çıxış edən Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasətinin prioritet istiqamətlərindəndir. Vergi ödəyiciləri ilə keçirilən görüşlərin müxtəlif fəaliyyət sahələrində mövcud vəziyyətin dəyərləndirilməsi, sektoral məsələlərin dinlənilməsi, təşviqlərin istiqamətlərinin müəyyənləşdirilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması baxımından faydalıdır. Hazırda hər bir sahənin fəaliyyət prioritetləri davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənib. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Fəaliyyət sahələri arasında pandemiyadan ən çox təsirlənən sahə turizm olub. Lakin pandemiyanın təsirlərinin azaldılması üçün həyata keçirilən tədbirlər bu sahəni yenidən canlandırıb. Son zamanlar dövriyyələrlə bağlı əldə edilmiş nəticələr də bunu deməyə əsas verir.
N.İmanov “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və ədalatli rəqabət mühitinin formalaşdırılması üçün görülən işlərin təkcə nəzarətin gücləndirilməsi ilə deyil, eyni zamanda daha çox təşviqlər, güzəştlərin tətbiqi və stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində aparıldığını vurğulayıb. Baş idarə rəisi turizm sektorunun ölkə iqtisadiyyatının prioritet sahələrindən hesab olunduğunu, bu baxımdan təkcə pandemiya ilə əlaqədar deyil, ümumilikdə ortamüddətli dövr üzrə turizmin inkişafına zəmin yaradan dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov görüşün keçirilməsi üçün təşəbbüsə və təkliflər ətrafında aparılan geniş müzakirələrə görə Dövlət Vergi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə koronavirus pandemiyasının turizm sektoruna təsirləri və bu sahədə yaranan problemlər diqqətə çatdırılıb, təsirlərin aradan qaldırılması ilə bağlı bir sıra təkliflər müzakirə olunub.
Sonda bu sahənin inkişafı üçün Dövlət Vergi Xidməti, Dövlət Turizm Agentliyi, ictimai təşkilatlar və hotel sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb, işçi qrupun yaradılması barədə ümumi razılıq əldə olunub.