Azərbaycanda ötən il turizm xidməti üzrə 108 milyon dollar kəsir yaranıb

Azərbaycanda ötən il turizm xidməti üzrə 108 milyon dollar kəsir yaranıb 2020-ci iıdə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 8 milyard ABŞ dolları təşkil edib
Turizm
31 Mart , 2021 11:32
Azərbaycanda ötən il turizm xidməti üzrə 108 milyon dollar kəsir yaranıb

2020-ci iıdə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 8 milyard ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 5,4 milyard dolları qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə, 2.6 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin dəyəridir.

Nəticədə xidmətlər balansında yaranan kəsir 8,6% artaraq 2,8 milyard dollar olub.

Hesabat dövründə neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 2,4 milyard dollar (31,4% artım), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0,4 milyard dollar (45,4% azalma) təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 36,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,9 milyard dollar olan nəqliyyat xidmətlərinin 55,8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,3 milyard dollar təşkil edib.

Son 1 ildə qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 38,8% artıb, idxalı isə 10,7% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ildə 350,5 milyon dollar olan kəsir 2020-ci ildə 342,7 milyon dollar qalıqla əvəzlənib.

2020-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,9 dəfə azalaraq 715,9 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (411,7 milyon dollar) ixracı (304,2 milyon dollar) üstələməsi nəticəsində 107,5 milyon dollar kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 4,8 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4 dəfə azalıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi idmətlərin dəyərinin 88,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri isə 8,5% azalaraq 28,9 milyon dollar təşkil edib.

Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 21,9% azalaraq 745 milyon dollar olub.

Son xəbərlər

Orphus sistemi