İndoneziya Bali kurort adasının xarici turistlər üçün açılması planlarından imtina edib.
“Report” TASS-a istinadən xəbər verir ki, Koronavirusla mübarizə üzrə hökumətlərarası qrupa rəhbərlik edən Dəniz işləri və investisiyalar üzrə nazir Luxut Binsar Pancaitan bunu “delta” ştammının sürətlə yayılması ilə əlaqələndirib.
“Adanın açılması qeyri-mümkündür, bu səbəbdən bu cür planları artıq nəzərdən keçirmirik”, - məmur bildirib.
Onun sözlərinə görə, başlıca məqsəd koronavirusun qarşısını almaq və peyvəndlənmiş şəxslərin sayını artırmaqdır.
Xatırladaq ki, İndoneziya hakimiyyəti iyulun 3-dən etibarən Bali vilayətində və Yava adasında ən ciddi sosial-iqtisadi məhdudiyyətlər tətbiq edib. Ən mürəkkəb vəziyyət məhz Yava adasında müşahidə olunur. “LaporCOVID-19” adlı yerli QHT iyun ayı ərzində adada 260 adamın vaxtlı-vaxtında tibbi yardım ala bilmədiyindən vəfat etdiyini açıqlayıb. Məlumatlara görə, yerli xəstəxanaların 90%-i doludur.