Bolqarıstan yay turizm mövsümünün başlama tarixlərini açıqlayıb

Bolqarıstan yay turizm mövsümünün başlama tarixlərini açıqlayıb Bolqarıstan yay turizm mövsümünə mayın 1-dən başlamağı planlaşdırır
Turizm
15 Mart , 2021 11:06
Bolqarıstan yay turizm mövsümünün başlama tarixlərini açıqlayıb

Bolqarıstan yay turizm mövsümünə mayın 1-dən başlamağı planlaşdırır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Turizm mövsümünün mayın 1-də başlanması qərarı səhiyyə orqanları və Bolqarıstan Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb. Martın 15-də yaşayış yerləri, restoran və kafelər, eləcə də turistlərin əyləncəsi üçün məkanlara aid olacaq tədbirlər təsdiqlənəcək”, - mətbuat xidməti respublikanın baş nazirinin müavini və turizm naziri Mariyana Nikolovadan sitat gətirib.

Onun sözlərinə görə, turizm mövsümü sahənin sabit fəaliyyətini təmin etmək və səhiyyə orqanlarının təyin etdiyi təhlükəsizlik tədbirlərinə riayət etmək üçün həmişəkindən əvvəl başlayacaq. Nikolova əlavə edib ki, Bolqarıstana turistlərin girişi üçün tələblər artıq hazırlanıb və razılaşdırılıb.

“Gələn həftə Avropa İttifaqı belə desək, sağlamlıq sertifikatı ilə bağlı qərar verəcək və Bolqarıstan hökuməti də bu mövqeyi dəstəkləyir”, - baş nazirin müavini söyləyib.

Öz növbəsində, Bolqarıstanın səhiyyə naziri Kostadin Angelov ölkəni ziyarət etmək istəyən turistlər üçün Avropa Komissiyası ilə razılaşdırılmış “yaşıl dəhliz” variantının nəzərdə tutulduğunu bildirib. O, həmçinin Aİ ölkələrində peyvənd pasportlarının tətbiq edilməsinin vacibliyini də qeyd edib. Sənəd artıq koronavirusdan sağalaraq antikor əldə edənlərə, peyvənd olunmuş turistlərə, eləcə də PZR testin mənfi nəticəsi olanlara ölkəni ziyarət etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi