Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək.
"Report"un xəbərinə görə, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.
Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A.Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsi işində fəal olmağa səsləyib.
Qeyd edək ki, xarici turistlər bu gün ölkəmizə səfərə maraq göstərir. Xüsusən də, işğaldan azad olunmuş torpaqları görmək istəyirlər. Bunun üçün Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır.