Azərbaycanda səfərdə olan Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqlerin Şuşaya səfər etməsi, şəhərin tarixi yerləri və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanış olması planlaşdırılır.
"Report" bu barədə Dövlət Turizm Agentliyə istinadən xəbər verir.
Xatırladaq ki, qonaq Agentliyin bu gün keçirdiyi "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda konfransda iştirak etmək üçün Bakıya gəlib. O, rəhbərlik etdiyi qurum və Agentlik arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Agentliyin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər, beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komandanın yaradılması, Azərbaycan milli mətbəx nümunələrinin tədqiqatı, Slou Fud səyahət marşrutu timsalında müxtəlif tematikalı turizm məhsullarının tərtibatı, xarici ölkələrdə qastronomiya xidməti göstərən destinasiya stendlərinin qurulması barəsində ətraflı məlumat verilib.
Səfər çərçivəsində F.Nağıyevlə T.Quqler arasında keçirilən görüşdə mövcud əməkdaşlıq imkanları, Azərbaycanın yeni qastronomiya strategiyası və planlaşdırılan işlər ətrafında fikir mübadiləsi aparılıb.