Azərbaycanın təbii resursları və yüksək səviyyəli tibbi xidmətləri buranı tibbi turizm mərkəzinə çevirmək üçün böyük potensiala malikdir.
"Report" xəbər verir ki, bunu Rusiyanın Tibbi və Akademik Turizm Assosiasiyasının vitse-prezidenti Valentina Sergeyevna Çikrizova Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları" mövzusunda beynəlxalq tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya" adlı panel müzakirəsində bildirib.
"Naftalan kimi tarixi sağlamlıq mərkəzi və müasir səhiyyə infrastrukturu ilə Azərbaycan beynəlxalq miqyasda tibbi turistlər üçün cəlbedici məkan ola bilər. Xüsusən də, regionda yerləşən ölkələrlə əməkdaşlıq Azərbaycanın tibbi turizminin inkişafına əlavə stimul verir. Bu sektorun davamlı inkişafı üçün innovasiya və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
O, əlavə edib ki, tibbi və akademik turizm ölkələrin iqtisadiyyatına, xüsusilə də tibb sektoruna yeni imkanlar açır: "İnsanlar təkcə ucuz müalicə tapmaq üçün deyil, həm də yüksək keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq üçün səyahət edirlər".