Ekspertlər pandemiya ilə bağlı yeni qaydaların turizmə təsirinə dair rəyini açıqlayıb

Ekspertlər pandemiya ilə bağlı yeni qaydaların turizmə təsirinə dair rəyini açıqlayıb Nazirlər Kabinetinin iyulun 26-da qəbul etdiyi son qərara əsasən, sentyabrın 1-dən Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu ilə istifadə
Turizm
28 İyul , 2021 09:59
Ekspertlər pandemiya ilə bağlı yeni qaydaların turizmə təsirinə dair rəyini açıqlayıb
Əhməd Qurbanov

Nazirlər Kabinetinin iyulun 26-da qəbul etdiyi son qərara əsasən, sentyabrın 1-dən Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu ilə istifadə edə biləcəklər.

"Report" bu qərarın turizm sektoruna necə təsir edəcəyini araşdırıb, bu sahənin ekspertlərinin rəyini öyrənib.

"Hotellər itirəcək, fərdi qonaq evləri qazanacaq"

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov yeni qərarı sağlamlıq baxımından düzgün hesab edir: "Hökumətin məqsədi yoluxma sayını maksimum azaltmaqdır. Hotellər isə insanların sayının çox olduğu yerlərdir. Odur ki, COVID-19 pasportunun tələb olunması düzgündür".

Bununla belə, onun fikrincə, yeni qərar insanların hotellərdə qalmasını əngəlləyəcək. Amma söhbət xarici vətəndaşlardan getmir: "Onsuz da bu ilin may ayından ölkəyə gələn turistlərdən COVID-19 pasportu və PCR testi tələb olunur. Bu baxımdan yeni qərar xarici vətəndaşlarla bağlı turizmə elə də təsir etməyəcək. Biz əvvəlcədən qeyd etmişdik ki, ölkəyə gələnlərdən pasport və test tələb olunması xarici turistlərin sayında azalmaya səbəb olacaq. Yeni qərar ölkə vətəndaşlarını hotellərdən fərdi qonaq evlərinə yönəldəcək. Çünki orada həm nəzarət güclü olmur, həm də orada qanuni olaraq vaksin tələb olunmur. Hesab edirəm ki, fərdi evlərdə qalan şəxslərin sayı artarsa, bu fərdi sahibkarlığın və kənd turizminin inkişafı baxımından müsbət olacaq. Amma fərdi sahibkarlar da sanitar-epidemioloji normalara maksimal dərəcədə riayət etməlidirlər".

"Bunu gözləyirdik"

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə bu qaydaların sərtləşdiriləcəyini əvvəldən proqnozlaşdırdıqlarını deyir: “Əvvəldən də düşünürdük ki, 2021-ci il bərpa, vaksinasiya ili olacaq. Görünən odur ki, bir sıra yumşalmalar və bəzi ölkələrin açılmasına baxmayaraq yoluxmalarda artım müşahidə olunur. Bu da öz növbəsində hansısa məhdudiyyətlərlə müşayiət olunacaq. Bir sıra ölkələrə nəzər salsaq görərik ki, vaksinasiya dövlət siyasəti olaraq məcburi xarakter alır. Hesab edirik ki, vaksinasiya prosesi nə qədər tez başa çatdırılsa ən azından topda və pərakəndə, həmçinin turizm sahəsində bəlli bir bərpa prosesinin şahidi ola bilərik. Ən azından ilkin mərhələdə turizmi 30-35% bərpa etmək mümkün olacaq. Amma hər bir halda 4-cü dalğanın başlanması turizmə çox böyük zərər vuracaq. Bu baxımdan da düşünürük ki, turizm sektorunda çalışanların dövlət dəstəyi və maliyyə resurslarına çıxış imkanları və digər məsələlərlə də bağlı məhdudiyyətlər qalmaqdadır. Ümid edirik ki, əhalinin ən azından 70%-i vaksinasiya prosesindən keçsə müəyyən işləri bərpa edə bilərik”.

"Müəssisələrə tam gücü ilə işləməyə imkan verilmir"

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi isə deyir ki, yeni qərar müəssisələr üçün mövcud çətinliklərlə yanaşı yeni qayğılar yaradır: “Bilirsiniz ki, biz hazırda pandemiya şəraitində yaşayırıq və onsuz da müxtəlif karantin qaydaları tətbiq olunur. Müəssisələrə tam gücü ilə işləməyə imkan verilmir. Xüsusən də sosial məsafənin saxlanması, bir masa arxasında oturan insanların sayında məhdudiyyət, hotellərin tam qüvvəsi ilə işləmək imkanının məhdudlaşdırılması və s. bu sıraya daxildir. Bununla da yanaşı müxtəlif qurumlar tərəfindən çoxsaylı monitorinqlərin keçirilməsi də fəaliyyətə təsir edir.

Həmçinin 2020-ci ildə sadələşdirilmiş vergi bəyanaməsi verən ictimai iaşə müəssisələrinin vergiləri 8%-dən 4%-ə endirilmişdi, amma indi məhdudiyyətlərin aradan götürülməməsinə baxmayaraq bu güzəştlər qüvvədən düşüb. Bu gün həmin güzəştlərin vaxtını uzatmaq çox gözəl olardı ki, həmin müəssisələr ayaqda qalma imkanları əldə edib işçi qüvvəsi saxlamağa malik olsunlar.

Tez-tez məmurlar elan edir ki, pandemiya dövründə iqtisadiyyatın müxtəlif sahələrinə yardım paketləri ayrılıb. O cümlədən də turizm sənayesi və qonaqlama müəssisələrinə də 40 milyon manatlıq dəstək göstərilib. Müqayisə üçün deyim ki, 2018-2019-cu illərdə turizm sektorunun illik dövriyəsi 2 milyard manatdan artıq olub. Bu rəqəmin qarşılığında 40 milyon manatlıq yardımın az olmasını anlayırıq.

Məhz sadaladığım və sadalamadığım qayğılara yeni biri də əlavə olunur. Yeni qaydalar 18 yaşdan yuxarı şəxslərə şamil olunur və onu da qeyd edim ki, 18+ şəxslər elə xidmət göstərən ictimai iaşə müəssisələrinin müştəriləridir. Bu qərar dövlətin adından verilib və biz müəssisələrə tövsiyə edərdik ki, əməkdaşlarının vaksinasiyasını tezləşdirsinlər.

Biz həm də dünyada inkişaf trendləri ilə rastlaşırıq. BMT-nin təsdiqlədiyi davamlı inkişaf məqsədləri qəbul edilib və bu inkişafın müxtəlif elementləri Azərbaycana da çatıb. Misal üçün, "Ağıllı kənd"lərin qurulması, bərpaolunan enerjidən istifadə olunması, təbiətə olan münasibətimizin dəyişməsi və s. məsələlərdir. Hamımız davamlı inkişafın tərəfdarıyıq və biz də müxtəlif tərəfləri davamlı inkişafın müxtəlif elementlərini yerinə yetirməyə çalışırıq.

Ümumilikdə isə hamıya səbr diləyirik və düşünürük ki, dünya elmi bu virusun öhdəsindən tezliklə gələcək və biz normal həyat tərzinə qayıda biləcəyik”.

Son xəbərlər

Orphus sistemi