Ekspertlər: "Qəbələyə dəmir yolu xətti turizmin inkişafı deməkdir"

Ekspertlər: "Qəbələyə dəmir yolu xətti turizmin inkişafı deməkdir" Mayın 15-də Prezident İlham Əliyev Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xəttinin və Qəbələ Dəmiryol Vağzalının açılışında iştirak edib
Turizm
19 May , 2021 09:20
Ekspertlər: Qəbələyə dəmir yolu xətti turizmin inkişafı deməkdir

Mayın 15-də Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xəttinin və Qəbələ Dəmiryol Vağzalının açılışında iştirak etdi. Ekspertlər hesab edir ki, bu infrastrukrur layihəsinin icrası sərnişin və yük daşımalarının asanlaşdırılması ilə yanaşı, turizmin inkişafında əhəmiyyətli rol oynayacaq.

Yeni dəmiryol vağzalının podratçılarından biri olan “UPS Construction” MMC-nin rəhbəri Nihad Mustafazadə “Report”a açıqlamasında bildirib ki, adıçəkilən kompleks həm də memarlıq baxımında Qəbələnin simvoluna çevriləcək: “Təxminən ötən ilin yayında biz vağzalın inşasında iştirak hüququ qazandıq və işlərin həyata keçirilməsinə başladıq. Layihənin əsas və əhəmiyyətli hissələrindən biri də stansiyanın fasad görüntüsüdür. Çünki bu elə bir memarlıq kompleksi olmalı idi ki, Qəbələnin simalarından birinə çevrilsin. Həmçinin cənab prezidentin stansiyanın açılışını edəcəyini bildiyimiz bizim məsuliyyətimizi bir qədər də artırdı.

Biz burada fasad hissəsinin hazırlanması ilə yanaşı müxtəlif metal konstruksiyaların və dam örtüyünün təşkili işlərini də həyata keçirmişik. Həmçinin stansiyanın divarlarında şüşə-cəbhə sistemlərinin qurulması da şirkətimizə məxsusdur. Üzərimizə düşən vəzifələrin öhtəsindən təxminən 2 ay müddətinə gəldik. Bildiyiniz kimi bir neçə gün öncə cənab prezident bu vağzalın açılışını etdi və ona vağzal haqqında ətraflı məlumat verildi. Ölkə başçısı Qəbələ Dəmiryol Vağzalını çox bəyəndi və bu bizim üçün qürurverici haldır”.

Nihad Mustafazadə
Nihad Mustafazadə

İş adamı hesab edir ki, vağzal tez bir zamanda regionun iqtisadi inkişafına öz müsbət töhfəsini verəcək: “Qəbələyə gəlmək istəyən turistlər dəmir yolunu seçərsə bu stansiyadan giriş-çıxış edəcəklər. Hesab edirəm ki, turizm potensialı böyük Şimal-Qərb regionunda belə bir dəmiryol vağzalının tikilib istifadəyə verilməsi əhəmiyyətli investisiya addımıdır. Həmin istiqamətdə magistral yolların da yaxşı olduğunu nəzərə almaq lazımdır. Bu istiqamətdə dəmiryolunda olması müsbət addımdır, beləki sərnişinlər artıq hansı nəqliyyat növündən istifadə etməyi özləri seçə biləcək.

Təcrübə onu göstərir ki, eyni məsafəni dəmir yolu ilə getmək turistlər və digər sərnişinlər üçün daha əyləncəlidir. Çünki onlar məsafə qət etdikcə həm ölkəmizin digər yerlərini görmüş olurlar, həm də maraqlı vaxt keçirmiş olurlar. Bu regiona dəmiryolu xəttinin çəkilməsi və stansiyanın istifadəyə verilməsi turizmlə yanaşı digər yan sahələrində inkişafına müsbət təsir edəcək. Xüsusən də xidmət sahələrinin inkişafı qaçılmazdır”.

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev isə dəmiryolu ilə daşımaların daha ucuz və asan olduğunu hesab edir: “Bildiyiniz kimi hər bir ölkənin iqtisadiyyatını inkişaf etdirilməsində nəqliyyat infrastrukturu rolu böyükdür. Yəni bu infrastruktur olmadan istehsal olunan məhsul və materialların, yüklərin, həmçinin sərnişinlərin daşınması mümkün deyil. Bu baxımdan düşünürəm ki, iqtisadiyyat inkişaf etdirilməsi üçün nəqliyyat sektorunda da ciddi sərmayələr yatırılmalıdır.

Ölkəmizdə son dövrlər avtomobil yolları ilə yanaşı dəmir yollarına da yatırılan investisiyaların artırılmasının şahidi oluruq. Düzdür, avtomobil yollarının qoyulan investisiyaların həcmi dəmir yollarını nisbətən çoxdur. Bu da ondan irəli gəlir ki, avtomobil yolları daha çevik nəqliyyat infrastrukturudur. Amma dəmir yollarının salınması bir qədər daha ağır zəhmət tələb edir. Ou da nəzərə almaq lazımdır ki, dəmir yolları ağır yüklərin təhlükəsiz, ucuz və asan şəkildə daşınması üçün daha əlverişli daşınma vasitəsidir.

Bu yolla daşınma həm də ekoloji baxımdan da əhəmiyyəltidir. Bir sözlə avtomobil yolları ilə yanaşı dəmir yollarında inkişaf etdirilməsi günümüzün zərurətinə çevrilib. Nəzərə almaq lazımdır ki, dəmiryolu nəqliyyatı sərnişindaşımanın həm sürətini, həm keyfiyyətini artırmaqla yanaşı, xərclərin də azalmasına müsbət təsir edir. Bu isə turizmin inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoyan ölkəmiz üçün əhəmiyyətli göstəricidir”.

Yasin Mustafayev
Yasin Mustafayev

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə də turistlərin dəmiryolu ilə hərəkətə üstünlük verdiklərini görmək mümkündür: “Əgər biz inkişaf etmiş ölkələrin nəqliyyat infrastrukturu baxsaq görərik ki, orada dəmir yolları çox yüksək inkişaf edib. Misal üçün, Avropa ölkələrinin fikir versək, burada həm ölkədaxili, həm də ölkələrarası əsas nəqliyyat növü dəmir yolu hesab edilir. Azərbaycanda da bu sahəyə diqqətin artırılması təqdirəlayiq haldır.

Belə ki, Sovet dövründə Azərbaycan ərazisində dəmir yolları infrastrukturunun olmasına baxmayaraq, sonrakı dövrlərdə bu sahədə iqtisadi tənəzzül yaşanıb. Amma son illərdə ölkəmizdə qeyd edilən sahəyə ayrılan investisiyaların həcminin artdığını müşahidə edirik. Belə ki, hazırda mövcud yolların bərpa edilməsi ilə yanaşı yeni yolların tikintisi həyata keçirilir.

Ləki-qəbələ dəmir yolunda inşa edilməsi, həmçinin qəbələ dəmir yolu stansiyasının tikilməsi və istifadəyə verilməsi də bu layihələrdəndir. Hesab edirəm ki, qeyd etdiyimiz regionun ümumi dəmiryolu şəbəkəsinə qoşulması çox vacib və vaxtında atılmış addımdır. Bu infrastruktur layihələrinin reallaşması Qəbələnin, ümumilikdə isə regionun turizm potensialının daha da artırılmasına xidmət edəcək. Yeni infrastruktur layihəsi regionun həm turizm potensialı ilə yanaşı regionun iqtisadi əhəmiyyətini daha da artıracaq, tez bir zamanda həmin regiondan sərnişinlərin və yüklərin daha asan, ucuz və təhlükəsiz daşınmasının şahidi olacağıq”.

Son xəbərlər

Orphus sistemi