“Qarabağ qlobal səviyyədə rəqabətə davamlı və turistlər üçün cəlbedici destinasiyaya çevriləcək.
"Report" xəbər verir ki, bunu 10-12 iyunda Türkiyənin Bodrum şəhərində keçirilən Qlobal Turizm Forumunda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
O, çıxışı zamanı işğaldan azad edilmiş torpaqların turizm potensialı haqda danışaraq Qarabağda turizm infrastrukturunun qurulmasının önəmini qeyd edib.
"Qarabağ bölgəsinin azad edilməsi ölkə turizmi üçün yeni fürsətlər yaradıb”, - o bildirib.
Florian Zenqstşmid çıxışında, həmçinin ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı cari vəziyyət, vaksinasiya prosesi, turizmin bərpa planı, Formula 1 və AVRO-2020 futbol oyunları kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı da danışıb.
Forum çərçivəsində F.Zenqstşmidlə müxtəlif ölkələrdən olan turizm rəsmiləri və mütəxəssisləri arasında ikitərəfli görüşlər keçirilib.
Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslanla görüşdə F. Zenqstşmid iyun ayı ərzində Bakıda baş tutacaq UEFA-nın AVRO-2020 oyunları zamanı Bakıda çıxış edəcək Türkiyə millisinə uğurlar arzulayıb.
Qeyd edək ki, baş ofisi Londonda yerləşən Dünya Turizm Forumu İnstitutunun (World Tourism Forum Institute) təşəbbüsü olaraq hər il keçirilən Qlobal Turizm Forumu turizm sənayesi üzrə beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.