Londondakı “Hitrou” hava limanı yay turizm mövsümünü xilas etmək üçün sərnişinlərin koronavirus testindən keçirilməsi ilə bağlı layihəni həyata keçirməyə hazırlaşır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın ən böyük hava limanının icraçı direktoru Con Holland-Key bildirib.
Onun sözlərinə görə, “Hitrou” iki həftədən sonra gündəlik iş rejimində ölkəyə daxil olan sərnişinləri koronavirus testindən keçirməyə başlaya bilər. Bir testin qiyməti 150 funt sterlinq olacaq.
Testin nəticəsi mənfi olarsa, 5 və ya 8 gündən sonra ikinci test aparılacaq. Bununla insan bədənində koronavirus olmadığı təqdirdə Birləşmiş Krallıq hökuməti tərəfindən tətbiq olunan ikihəftəlik karantin yarıbayarı azala bilər.
“Qırmızı siyahı”da olan ölkələri yenidən açmaq üçün bir yol tapmalıyıq. Peyvənd olmadığı şəraitdə test etmək bunun yeganə mümkün yoludur. “Qırmızı siyahı”da olan bir çox ölkədə milyonlarla insan xəstəliyə tutulmayıb və səyahət edə bilmirlər. Bu, iqtisadiyyatın bərpasına mane olur”, - Con Holland-Key deyib.