İnkişaf üçün "yol" xəritəsi: Azərbaycan turizmin gələcəyinə necə sərmayə qoyur?

İnkişaf üçün "yol" xəritəsi: Azərbaycan turizmin gələcəyinə necə sərmayə qoyur? Turizmin inkişafı hər bir ölkənin iqtisadiyyatına, sosial və mədəni sahələrinə mühüm töhfə verən strateji sektorlardan biridir. Azərbaycanda son illərdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilsə də, hələ də bəzi infrastruktur problemləri mövcud
Turizm
25 Oktyabr , 2024 11:04
İnkişaf üçün yol xəritəsi: Azərbaycan turizmin gələcəyinə necə sərmayə qoyur?

Turizmin inkişafı hər bir ölkənin iqtisadiyyatına, sosial və mədəni sahələrinə mühüm töhfə verən strateji sektorlardan biridir. Azərbaycanda son illərdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilsə də, hələ də bəzi infrastruktur problemləri mövcuddur. Xüsusən də ucqar kəndlər və çətin relyefli ərazilərdə yol şəbəkəsinin vəziyyəti ciddi problemlər yaradır. Bu ərazilərə turist axınının qarşısını alan əsas çətinliklərdən biri hava şəraitinin dəyişməsi ilə əlaqədardır. Qış aylarında qar və buzlanma, eləcə də yaz aylarında sel kimi təbiət hadisələri yolların keçilməz olmasına səbəb olur. Bu isə turistlərin əsas turizm məkanlarına çatmasını çətinləşdirir.

Azərbaycanın turizm potensialı böyükdür, lakin bu potensialın tam şəkildə reallaşdırılması üçün nəqliyyat infrastrukturu məsələsində ciddi islahatlara ehtiyac var. Bunu “Report”a açıqlamasında Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri Rəhman Şıxəliyev deyib.

"Şəhər və iri qəsəbələrə gedən yollar nisbətən yaxşı vəziyyətdə olsa da, ucqar kəndlərə və dağlıq bölgələrə gedən yollar bəzən tamamilə yararsız olur. Xüsusilə Quba, Qusar, Şamaxı, Laçın və Zaqatala kimi relyefi çətin olan ərazilərdə yollar qış aylarında keçilməz hala gəlir. Sel, qar və buzlanma bu problemləri daha da dərinləşdirir”.

R.Şıxəliyev əlavə edib ki, turizm məkanlarına gedən yolların planlaşdırılmasında infrastruktur layihələrinin daha geniş şəkildə əhatə olunması vacibdir. “Yolların keyfiyyətsiz və təhlükəli olması turistlər arasında narazılıq yaradır və onların həmin yerlərə səyahət etmə istəyini azaldır. Nəticədə bu bölgələrin turizm potensialı tam istifadə edilə bilmir”, - deyə o vurğulayıb.

Turizm sahəsində ekspert Xuraman Məmmədova xatırladıb ki, Azərbaycan hökuməti son illərdə turizm bölgələrinə gedən yolların təkmilləşdirilməsi ilə bağlı bir sıra layihələrə start verib: "Məsələn, dağlıq və relyefi çətin olan bölgələrdə yeni yolların salınması və mövcud yolların yenidən qurulması istiqamətində işlər görülür. Bu infrastruktur layihələri yalnız turizmi deyil, həm də bölgələrin iqtisadi inkişafını sürətləndirəcək. Yol infrastrukturunun yaxşılaşdırılması yerli əhalinin həyat səviyyəsini də yüksəldəcək, çünki daha əlverişli yollar turist axını ilə yanaşı, ticarət və biznes fəaliyyətini də genişləndirir”.

O hesab edir ki, Şahdağ, Göygöl və Daşaltı kimi turizm məkanlarına gedən yeni yolların çəkilməsi bu istiqamətdə atılan addımlardan biridir: "Hökumət həmçinin qış aylarında qar və buzlanmaya qarşı yolların qorunması üçün xüsusi tədbirlərin görülməsini planlaşdırır. Bu tədbirlər çərçivəsində, relyefi çətin ərazilərdə yolların daimi təmizlənməsi və qorunması üçün müasir texnologiyaların tətbiqi nəzərdə tutulur”.

Ekspertlərin fikrincə, infrastrukturun inkişafı Azərbaycanın turizm potensialının tam reallaşmasına töhfə verəcək və ucqar bölgələrin sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək. Yol şəbəkəsinin yaxşılaşdırılması ilə həm yerli, həm də xarici turistlər üçün daha əlçatan və təhlükəsiz səyahət imkanları təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi