İsrail 2021-ci ilin mart ayından beynəlxalq turizmi bərpa edəcək, iki mərhələdə peyvənd olunan və “yaşıl pasport” alan yerli sakinlər karantinə salınmadan və PZR testindən keçmədən sərbəst səyahət edəcəklər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin turizm nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Artıq Kipr ilə razılaşma əldə olunub. Fevralın 8-də isə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin turizm mübadiləsinin bərpa ediləcəyi şərtləri müzakirə etmək üçün İsrailə gələcəyi gözlənilir. Hazırda isə Serbiya, Seyşel adaları, Rumıniya və Gürcüstanla da oxşar danışıqlar aparılır.
“İsrail əhalinin peyvəndlənmə tempi baxımından mütləq dünya lideridir. Fevralın 4-nə olan məlumata görə, ölkənin bütün vətəndaşlarının 37%-i koronavirus peyvəndinin ilk dozasını, 21%-i isə ikinci dozanı da qəbul edib. Gələcəyə nikbin baxırıq və sərhədlərin 2021-ci ilin ortalarında tam açılacağını gözləyirik”, - İsrailin Turizm Nazirliyinin Rusiya və MDB Departamentinin direktoru Vladimir Şklyar deyib.