Moldova hökuməti koronavirusun yayılması səbəbindən avqustun 16-dan etibarən ölkəyə giriş qaydalarına dəyişiklik edib.
“Report” “NewsMaker”ə istinadən xəbər verir ki, artıq sərhəddə ya tam peyvəndləmə haqqında sertifikat, ya koronavirusa qarşı mənfi PCR testi, ya da şəxsin son 6 ay ərzində koronavirusa yoluxduğunu təsdiqləyən sənədin təqdim edilməsi tələb olunur. Bu sənədlərdən heç birinə malik olmayan şəxslər 14 günlük karantin rejiminə riayət etməlidirlər.
Bu qayda imtahan vermək və ya təhsil almaq üçün ölkəyə gələn 12 yaşınadək uşaqlara və 18 yaşınadək məktəblilərə, habelə müalicə məqsədilə gələn şəxslərə şamil edilmir.
Karantin rejimində 7 gün qalmış şəxslər PCR və ya anticisim testi verərək mənfi nəticə əldə edəcəkləri təqdirdə özünütəcrid prosesini tamamlaya bilərlər.