Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 27-31 oktyabrda Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və "Şahdağ Turizm Mərkəzi" QSC-də müasir xizək infrastrukturu ilə tanış olublar.
Bu ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla, ümumilikdə 183 uçuş həyata keçirilib. 9 ayda Azərbaycana Polşadan səfər edənlərin sayı 7 886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır.