"Yeni ilin yaxınlaşması ilə əlaqədar Azərbaycanın regionlarındakı hotellərdə demək olar ki, boş yer yoxdur".
Bunu “Report”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyib.
"Ən məşhur turizm destinasiyalarında yerləşən hotellərimizdə keçən həftənin sonuna yerlərin artıq 70-80 %-i bron edilmişdi. Düşünürəm ki, bu günkü tarixə yəqin ki, yer tapmaq olmaz. Hotellərimizin müştəriləri əsasən ölkə vətəndaşlarıdır. Çünki koronavirus (COVID-19) pandemiyasına görə təyyarələrə biletlər əvvəlki vaxtlarla müqayisədə xeyli bahadır, üstəlik Azərbaycana daxil olmaq üçün xüsusi prosedurlardan keçmək lazımdır. Odur ki, ölkəyə xaricdən gələn də azdır, ölkədən xaricə gedən də azdır və vətəndaşlarımız yerli turizm obyektlərinə üz tutublar", - deyə o qeyd edib.
Bununla belə, S.Dübəndinin sözlərinə görə, 2022-ci ili hotellərdə qarşılamaq, Yeni il şənliklərində iştirak etmək ötən illə müqayisədə 10-15% baha başa gəlir: "Bu da başadüşüləndir. Çünki istehlak mallarının qiymətlərində artım var və təbii olaraq hotellər də qiymətləri artırıblar. Nəzərə almaq lazımdır ki, yeni il şənlikləri təkcə gecələmədən ibarət deyil. Banketlərin qiymətləri ərzaq məhsullarının qiymətlərinə bağlıdır. Biz hotellərdə qiymətlərin daha çox artmasını gözləyirdik. Amma hotelçilər çətinliklə də olsa, qiymətləri müəyyən həddə saxlaya biliblər".