"Azərbaycan xalqının turistlərə təklif edə biləcəyi çoxlu məhsulları var və biz bunu xüsusilə iqtisadi sahədə görürük".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”nda bildirib.
"Azərbaycan rəsmilərinə aqrar sahədə bizimlə əməkdaşlıq etdikləri üçün çox minnətdaram. Bunu çox yaxşı imkan olaraq qiymətləndirirəm. Aİ etibarlı tərəfdaşdır. Biz Azərbaycan əhalisinin gəlirlərinin artırılması, onların təsərrüfatlarının inkişafı üçün əməkdaşlıq edirik. Biz bütün insanlara kömək etməyə çalışırıq. Bizim gördüyümüz işlər kiçik və orta sahibkarların məhsullarının artırılmasına kömək edir. Biz yerli istehsalçılar, xüsusilə aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləməkdən məmnunuq. Bu sahə Aİ-nın bir çox ölkələrində yaxşı imkanlar yaradıb. Biz bu təcrübələri bölüşməkdən məmnunluq duyuruq. Bu, Azərbaycanla Aİ arasında olan inkişaf etdirdiyimiz güclü tərəfdaşlıqdır", - o qeyd edib.
"Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı çox böyük rol oynayır və hazırda bununla bağlı layihənin maliyyələşdirilməsinə yarım milyon avro vəsait ayırmışıq. Lakin qarşıda bir çox layihələr var. İndiyə qədər aqrar layihələrə 40 milyon avroya yaxın yardım olunub və bu sahənin inkişafı üçün bundan sonra da əlavə yardımlar olunacaq", - deyə səfir əlavə edib.
Tədbirdə qeyd edilib ki, forum Lənkəran-Astara iqtisadi rayonundan olan təsərrüfat sahibləri və xidmət təminatçıları üçün turizm məkanlarının strategiyalarını və biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynayacaq. İnvestorlar arasında dövlət qurumları; kənd yerlərinin, kənd təsərrüfatının və turizmin inkişafı sahəsində çalışan beynəlxalq donor təşkilatları; kiçik və orta fermer təsərrüfatları və müəssisələrlə əməkdaşlıq edən maliyyə institutları; eyni zamanda kənd yerlərində turizm imkanlarının maliyyələşdirilməsində maraqlı olan dövlət və özəl şirkətlər; eləcə də fərdi sahibkarlar olacaq.
“Agri-Vision” layihəsi çərçivəsində yaradılmış “Yaşıl obalar” 10 turizm məkanını bir çətir altında birləşdirir. Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda icra edilir. Layihə cənub bölgəsində davamlı, təkrarlana bilən aqrar, ekoturizmin inkişaf mexanizmini yaratmağa və sınaqdan keçirməyi qarşısına hədəf olaraq qoyub.