"Dövlət Turizm Agentliyinin əsas məqsədi ölkənin bir turizm məhsulundan asılı olması deyil, bir çox turizm məhsullar üzrə şaxələndirməyə nail olmaqla sektorun dayanıqlı inkişafıdır".
"Report" xəbər verir ki, bunu Agentliyin Turizm siyasəti və Strategiya şöbəsinin müdiri Məhəmməd Nuriyev Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə bildirib.
“Turizm sektorunun davamlılığı hökumət üçün əsas xətdir. 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasında bu amil nəzərə alınıb. Biz davamlı iqtisadi yüksəlişə nail olmalıyıq ki, sektor xarici təsirlərə az həssas olsun. Bu baxımdan Agentliyin yanaşması turizm sektorunun inkişafı ilə bağlı bütün məsələləri özündə ehtiva edən kompleks dövlət proqramı üzərində işləmək, bu istiqamətdə dövlət və özəl sektorun imkanlarından istifadə etməkdir. Digər məsələ Azərbaycanı turizm bazarında təmsil edəcək turizm məhsullarına daha çox köklənməkdir”, - o qeyd edib.