Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək

Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək 23-24 iyunda Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 6-cı iclası və turizm üzrə işçi qrupunun 15-ci iclası keçirilib.
Turizm
24 İyun , 2021 16:21
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək

23-24 iyunda Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 6-cı iclası və turizm üzrə işçi qrupunun 15-ci iclası keçirilib.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev bildirib ki, türkdilli dövlətlərin ortaq tarix, dil, mədəniyyət və milli kimliyə malik olması onlar arasında iqtisadi münasibətlərin inkişaf etməsinə təkandır. O, qeyd edib ki, pandemiya səbəbindən ötən il dünya üçün, o cümlədən turizm sənayesi üçün ən çətin illərdən olsa da, Azərbaycan tarixinin ən şanlı illərindən biri olub. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyması ölkə və region üçün mühüm əhəmiyyət kəsb etdib.

Sədr Qarabağın turizm əhəmiyyətli məkanlarının böyük bir hissəsinin işğalçılar tərəfindən dağıdıldığı, artıq həmin ərazilərdə quruculuq işlərinə başlanıldığı və işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialına malik olduğu haqqında məlumat verib. O, əlavə edib ki, tezliklə Qarabağ yeni regional turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

Tədbirdə iştirak edən üzv dövlətlərin turizm nazirləri Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini ifadə edərək Qarabağı regional turizm destinasiyası kimi inkişaf etdirmək fəaliyyəti üzrə uğurlar arzulayıblar. F.Nağıyev təşkilatın “İpək Yolu Turizm Paytaxtları Təşəbbüsü” və “Müqəddəs Ziyarət” layihələrinin üzv dövlətlərin turizm əhəmiyyətli mədəni irsinin tanıdılmasında, əməkdaşlığın genişləndirilməsində, eləcə də üzv ölkələr arasında turist mübadiləsinin artmasında mühüm rol oynayacağına əminliyini ifadə edib, eləcə də türkdilli dövlətlərin paytaxtları və digər şəhərləri arasında birbaşa uçuşların turizmlə yanaşı, iqtisadi və ticari əlaqələrin də inkişafına töhfə verəcəyini deyib.

Sədr 2015-ci ildə turizm nazirlərinin 2-ci görüşünün Azərbaycanda keçirildiyini xatırladaraq Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini qeyd edib. O, Türk Şurasının turizm nazirlərinin növbəti 7-ci görüşünün Azərbaycanda keçirilməsi qərarından məmnunluq duyduğunu bildirərək iştirakçıları ölkəmizə dəvət edib.

İclas çərçivəsində F.Nağıyevlə digər üzv ölkələrin rəsmi nümayəndələri arasında bir sıra ikitərəfli görüşlər keçirilib.

Tədbirdə turizmin bərpası tədbirləri, postpandemiya dövründə əməkdaşlıq, birgə layihələr və fəaliyyət istiqamətləri kimi məsələlər üzrə müzakirələr aparılır. 2009-cu ildə əsası qoyulan təşkilatın turizm nazirlərinin bu ilki görüşündə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri xanım Aktotı Raimkulova, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın Özbəkistandakı səfiri Peter Szanto çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi