Azərbaycan eksperimental qastronomik turizm üzrə türk dövlətlərinin təcrübəsindən faydalana bilər.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin Afyon Kocatepe Universitetinin Turizm fakültəsinin professoru Hüseyn Pamukçu bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda eksperimental qastronomik turizmə maraq getdikcə artır və bu sahədə inkişaf potensialı böyükdür.
"Türkiyə eksperimental qastronomik turizmin inkişafında uğur qazanmış ölkələrdən biridir və bu sahədə geniş təcrübəyə malikdir. Buraya lokal mətbəxin yenidən kəşf edilməsi, unikal dad təcrübələrinin yaradılması və turistlər üçün maraqlı kulinariya turlarının təşkil edilməsi daxildir. Azərbaycanda da oxşar addımların atılması ölkənin turizm sektoruna yeni nəfəs gətirə və qastronomik turizmin inkişafına təkan verə bilər", - deyə H.Pamukçu qeyd edib.
"Azərbaycan yerli mətbəxin zənginliyindən və müxtəlifliyindən istifadə edərək turist cəlb edə bilər. Bu istiqamətdə eksperimental qastronomik turizmə investisiya qoymaq və yerli şefləri dəstəkləməklə ölkəyə uzunmüddətli iqtisadi fayda gətirmək olar. Türk dövlətlərinin təcrübəsini öyrənmək və adaptasiya etmək Azərbaycanın eksperimental qastronomik turizmi üçün önəmli bir addım ola bilər", - deyə professor əlavə edib.