Yanvarın 19-da Azərbaycanın Ukraynadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə “Bakıda 1990-cı ilin Qara Yanvarı. Azadlıq və ədalət Sovet İttifaqının repressiv maşınına qarşı” mövzusunda Ukrayna-Azərbaycan elmi onlayn konfrans keçirib.
“Report” xəbər verir ki, tədbirdə siyasətçilər, alimlər, jurnalistlər, həmçinin Ukraynanın müxtəlif ali məktəblərinin tələbələri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova 31 il əvvəl baş verənləri təhlil etməyin və ondan dərs çıxarmağın zəruriliyini diqqətə çatdırıb: “O zaman erməni separatçıları və Mixail Qorbaçov tərəfindən başladılan Qarabağ avantürası artıq iki il idi davam edirdi. Mərkəz bu problemi sivil yollarla həll edə bilmədi, halbuki bunu qısa zamanda həll etmək olardı. 1989-cu ilin dekabr ayının sonunda Azərbaycanda hakimiyyət iflic oldu. 1990-cı ilin əvvəllərində isə Sovet hakimiyyəti artıq Azərbaycan ərazisinin yarısında mövcud deyildi. Çoxsaylı şahidlərin dediklərinə görə, Bakıya qoşun yeridilməsinə heç bir əsas yox idi. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının 12 minlik kontingenti Bakıda idi, amma onlar silahsız idilər, onlara yalnız baş verənləri izləmək tapşırılmışdı. Qanlı Yanvar hadisələrinin səbəbləri haqqında müxtəlif fikirlər var. Amma mən Qorbaçovu Bakıya qoşun yeritməyə inandıranlardan biri olan, aksiyanın bilavasitə təşkilatçısı Vadim Batakinin sözlərinə diqqət yetirmək istəyirəm. 90-cı illərin sonlarında Yanvar hadisələr ilə bağlı məqaləm var idi. Bir dəfə ondan yazdıqlarımı şərh etməsini istəyəndə bunları söyləmişdi: “Müəllif haqlıdır. AXC seçkilərdə Kommunist Partiyasını məğlub edərdi. Qoşunlar heç də mülki əhalini geniş yayılmış milli ekstremizmdən qorumaq üçün deyil, başqa məqsədlər üçün yeridilmişdi. Qurbanlar hesabına Azərbaycanda Sovet hakimiyyəti bərpa edildi”. Ən maraqlısı budur ki, o yenə də bunun Sovet hakimiyyətinin bərpası yox, əksinə, Sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu anlamırdı”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov 20 Yanvarın Azərbaycan tarixində və Azərbaycan xalqının yaddaşında qara gün olduğunu, eyni zamanda qəhrəmanlıq salnaməsi və Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu söyləyib.
“Qoşunların Bakıya yeridilməsi, günahsız insanların öldürülməsi və digər vəhşiliklər SSRİ Konstitusiyasının və Azərbaycan SSR Konstitusiyasının kobud şəkildə pozulması idi. Əslində 20 Yanvar faciəsi Sovet imperiyasının süqutunu özü-özlüyündə əks etdirirdi. İnsanlar kütləvi şəkildə dəfn mərasimlərinə toplaşır və Kommunist Partiyasının üzvləri partiya biletlərini yandırırdı. Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqının üzləşdiyi problemlərin öhdəsindən gələ bilməyən mərkəzin səriştəsizliyini ortaya çıxardı. 27 aprel 1995-ci ildə Mixail Qorbaçov İstanbulda Yanvar faciəsi ilə əlaqədar danışarkən “Bakıda fövqəladə vəziyyət elan edilməsi və ora ordu göndərmək siyasi həyatımın ən böyük səhvi idi” söylədi. 20 Yanvar faciəsinin başqa bir səbəbi o dövrdə Azərbaycanda mövcud olan hakimiyyətin siyasi səriştəsizliyi idi. Bu hadisə bir daha göstərdi ki, dövlət təsadüfi insanlar və ya əlaqəsi olmayan insanlar tərəfindən idarə oluna bilməz. İstefasına baxmayaraq, hadisədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və Sovet rəhbərliyinə kəskin etiraz etdi”, - o bildirib.
R.Həsənov həmçinin son Qarabağ müharibəsinin Azərbaycan xalqının hər zaman müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparacağını, bu mübarizədə hər zaman canını verməyə hazır olduğunu bir daha hər kəsə göstərdiyini vurğulayıb.
“Hər il 20 Yanvar faciəsinin ildönümündə insanlar Şəhidlər xiyabanına toplaşaraq şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Çünki hamı başa düşür ki, müstəqilliyimiz onların qanı bahasına başa çatıb. Hər birimiz onlara borcluyuq”, - Mərkəz direktoru söyləyib.
Azərbaycanın xalq yazıçısı, publisist, ictimai xadim, “Qara Yanvar” kitabının müəllifi Çingiz Abdulayev isə oxşar hadisələrin Riqada, Vilnüsdə, Gürcüstanda, Qırğızıstanda da baş verdiyini, ancaq qurban sayına görə heç birinin Bakı hadisələri ilə müqayisə edilə bilinməyəvcəyini vurğulayıb: “Bunlar böyük dövlətin qıcolmaları idi. Uşaqlar da daxil olmaqla, müxtəlif millətlərin nümayəndələrini öldürürdülər. Hərəkət edən hədəflərə, eyvanlara atəş açırdılar. Qoşunlara insanların gözlərini qorxutmaq əmri verilmişdi. Ancaq bunu etmək onlara müəssər olmadı. Baş verənlər bir tərəfdən dəhşətli faciə idisə, digər tərəfdən də yüksək fədakarlıq nümunəsi idi”.
Konfransda həmçinin Ukrayna Ali Radasının deputatları, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov, tarix elmləri doktoru, “Kiyevo-Moqilyanskaya Akademiya” Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru Fərhad Turanlı, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin müasir və çağdaş tarixi kafedrasının dosenti Oleq Kupçik, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi Sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva, fəlsəfə elmləri doktoru, dosent, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Nigar Gözəlova, tarix elmləri namizədi, Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının böyük elmi əməkdaşı Aleksandr Dudnık və başqaları çıxış ediblər.
Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı təmsilçisi Marina Qonçaruk olub.