ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərinin mərkəzindəki “Boston Common” parkda Azərbaycan icmasının üzvləri etiraz aksiyası keçiriblər.
“Report”un yerli bürosu xəbər verir ki, həmvətənlərimiz şəhər merinin 26 fevral 2021-ci il tarixini Xocalı faciəsinin anım günü elan etdikdən sonra bəyanatı ermənilərin təzyiqi ilə ləğv etməsinə etirazlarını bildiriblər.
Aksiya Yeni İngiltərə (“Nyu England”) Azərbaycan Cəmiyyətinin rəhbəri Tünzalə Eynullanın təşkilatçılığı ilə baş tutub.
Boston, Vaşinqton, Nyu-York, Konnektikut, Meyn daxil olmaqla, yaxın şəhər və ştatlardan Bostona gələn azərbaycanlılar və türk icmasının aktivləri əllərindəki bayraqlarla və şüarlarla şəhər meri Marti Uolşa Xocalı həqiqətlərinin şəhər səviyyəsində tanınması bəyan edildikdən sonra, ermənilərin diktəsi ilə bunun ləğv edilməsinin qəbuledilməz olduğunu deyiblər.
Aksiya iştirakçıları Xocalı soyqırımının dünyanın 9 ölkəsi və ABŞ-ın 21 ştatı tərəfindən tam və ya parlament səviyyəsində qətliam kimi tanındığını bildiriblər.
İki saat ərzində davam edən aksiya Boston poilisinin nəzarəti ilə insidentsiz bitib.
Qeyd edək ki, Massaçusets ştatının paytaxtı Boston şəhəri ABŞ-da erməni icmasının ən çox yaşadığı bölgələrdəndir.
Vüsalə Abbasova