ABŞ-nin Stirlinq Fondu işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında yaxından iştirak edərək, dəstək göstərir.
"Report"un məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı ilə ABŞ-nin İsa Məsihin Axırzaman Müqəddəsləri Kilsəsinin təmsilçisi, Stirlinq Fondunun icraçı direktoru Edvard Rou ilə görüşündə bildirilib.
S.Salahlı fondun dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
O, görüşdə Azərbaycan xalqının tolerantlıq və multikulturalizm ənənələrindən, Prezident İlham Əliyevin dinlərarası harmoniya və dini konfessiyalara münasibətində bərabərlik prinsipinə verdiyi önəmdən danışıb. Dövlət Komitəsinin sədr əvəzi qeyd edib ki, 37-i qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 994 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır.
S.Salahlı Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarixi-dini abidələr, məscidlərlə yanaşı, kilsə və məbədlərin bərpa edilməsini xüsusi diqqətdə saxladığını vurğulayıb.
ABŞ-nin İsa Məsihin Axırzaman Müqəddəsləri Kilsəsinin nümayəndəsi, Stirlinq Fondunun icraçı direktoru Edvard Ro ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu bildirib.