ADA Universitetində Milli Qoşulmama Hərəkatı (QH) Modelinin Simulyasiya Konfransı keçirilir.
“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun direktoru Fərid Cəfərov, həmçinin ADA Universitetinin rektoru Fariz İsmayılzadə çıxış ediblər.
Fərid Cəfərovun sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların model simulyasiyalarının daimi ofisinin açılması planlaşdırılır. Azərbaycan Respublikasının Gənclər Fondu bir sıra layihələr həyata keçirir, BMT və digər beynəlxalq strukturların model simulyasiyalarını təşkil edir.
Universitetin rektoru Fariz İsmayılzadə bu cür simulyasiyaların gənclərə komanda şəklində işləməyə və gələcək hədəflərə çatmaq üçün lazımi bütün bacarıqlara yiyələnməyə imkan verdiyini qeyd edib.
Mərasimin sonunda Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən videoçarx nümayiş etdirilib.
Ümumilikdə üç gün davam edəcək Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında Qoşulmama Hərəkatının yüksək səviyyəli iclasının simulyasiyası həyata keçiriləcək. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin nüfuzlu şəxslərinin rollarını icra edərək qlobal problemlərə həll yolları təklif edəcəklər.
Qeyd edək ki, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı ötən il 60 illiyini qeyd edib. Fəaliyyəti sülhün möhkəmlənməsi və qlobal birlik prinsiplərinə əsaslanan təşkilata hazırda Azərbaycan sədrlik edir.