Bu gün Lənkəranda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin İqtisadiyyat Nazirliyi ilə birgə təşkil etdiyi "EU4Lankaran” layihəsinin təqdimat mərasimi olub.
“Report” xəbər verir ki, Aİ-nin maliyyələşdirdiyi və Lənkəran-Astara iqtisadi regionunu əhatə edən “EU4Lankaran” layihəsi meyvə və tərəvəz sektorunun inkişafı üçün yerli icmalara effektiv, dayanıqlı, ekoloji cəhətdən təhlükəsiz həllərin axtarışında kömək edəcək.
Tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu layihənin regionun inkişafına töhfə verəcəyini bildirib: “Bu layihədə əsas diqqət aqrar sektora, xüsusilə də sitrus bitkiçiliyinə ayrılıb. Məlumdur ki, sitrus bitkilərini becərmək üçün Lənkəranda lazımi şərait mövcuddur”.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko Lənkəranın qastronomik potensiala malik olduğunu qeyd edib və şəhərin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə təbriklərini çatdırıb: “Aİ regionların inkişafı işində Azərbaycana dəstək verir”.
O, bura kiçik biznesin inkişaf etdirilməsi, kənd təsərrüfatına dəstək və s. daxil olduğunu bildirib: "Bizim üçün dayanıqlı inkişafa böyük diqqət ayıran Azərbaycan kimi tərəfdaşa malik olmaq çox vacibdir”.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan və Aİ arasında əməkdaşlığın potensialı haqqında danışıb. O, gələcəkdə Aİ ilə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın daha çoxşaxəli olacağına ümidvar olduğunu deyib.
Lənkəran-Astara iqtisadi regionunu əhatə edən Aİ-nin “EU4Lankaran” layihəsi regionlarda güclü, balanslaşdırılmış və inklüziv iqtisadi inkişafa yardım göstərməklə hökumətin iqtisadiyyatın şaxələndirilməsi siyasətinə dəstək vermək məqsədi daşıyır. Layihənin büdcəsi 27 milyon manatdır.