Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin “Report” agentliyinə müsahibəsi:
- Oktyabrın 3-də Almaniya Alman Birliyi Gününü qeyd edir, bu münasibətlə sizi təbrik edirəm. Səfirliyin bu günü necə qeyd edəcəyini bizə deyə bilərsinizmi?
- Xoş arzularınıza görə təşəkkür edirəm. Mənim və soydaşlarım üçün Alman Birliyi Günü çox önəmlidir. Berlin divarının sökülməsindən bir neçə ay və vətənimizin iki antaqonist supergüc qrupuna mənsub iki dövlətə bölünməsindən 40 ildən artıq bir müddət sonra sülh yolu ilə yenidən birləşmək qanunun aliliyinə əsaslanan firavan, demokratik rifah dövlətinin əsasını qoydu. Təəssüf ki, 2021-ci ildə pandemiya sevincimizi Azərbaycanla və burada yaşayan beynəlxalq ictimaiyyətlə bölüşməyə imkan vermir. Bunun əvəzinə bu münasibətlə müraciət ilə çıxış etmişəm. Tədbir sosial şəbəkələrdə bir neçə paylaşımı ilə işıqlandırılır. Buna görə də ümid edirəm ki, oxucularınızdan bir çoxunun düşüncələrimi, eləcə də dinc, vahid Avropa üçün səylərimizə sadiq qaldığımızı paylaşmaq imkanı olacaq.
- Azərbaycan ilə Almaniya arasındakı əməkdaşlıqda hansı sahələr həyati vacib rol oynayır?
- Azərbaycan Cənubi Qafqazda ən vacib iqtisadi tərəfdaşımızdır. Almanlar 200 il ərzində Azərbaycanda məskunlaşmış və həm iqtisadi, sosial, intellektual sektorlarda, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonrakı ilk onilliklərdə Azərbaycanın siyasi inkişafı üçün mühüm rol oynamışlar. Buna görə də əməkdaşlığımız energetika, ticarət, təhsil və islahat siyasətinin dəstəklənməsi üzərində qurulub. Beynəlxalq forumlarda və ikitərəfli əsasda Almaniya azərbaycanlılarla ermənilər arasında sülh və davamlı barışıq olması üçün xidmətlərini təklif edir.
- İki ölkə arasında iqtisadi və humanitar sahələrdə yeni layihələr gözləmək olarmı? Əgər olarsa, bu barədə bizə ətraflı danışa bilərsinizmi?
- Almaniya iqtisadiyyatda, cəmiyyətdə və ətraf mühitdə islahatlar aparmaq məqsədilə həm hökumətdə, həm də daha geniş vətəndaş cəmiyyətində azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığa davam edir. Fikrimizcə, ortaq mədəni irsimiz mühüm rol oynayır. Odur ki, tezliklə Azərbaycan hökumətinin mədəniyyət, təhsil, elm, gənclik və idman sahələrində əməkdaşlıq haqqında müasir ikitərəfli saziş təklifimizə münasibətini bildirəcəyini gözləyirəm. Bu sahələrdə, eləcə də peşəkar-texniki və təhsil təlimləri, məcburi köçkünlərin son otuz ildə işğal altında olmuş ərazilərə qayıdış üçün hazırlanması kimi sahələrdə ikitərəfli əməkdaşlıq çox müsbət nəticələr verə bilər. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) Azərbaycanda iş görməkdə, o cümlədən yuxarıda qeyd etdiyim ərazilərdə görülən bərpa işlərində maraqlı olan Almaniya şirkətləri üçün platforma rolunu oynayır.
- Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında bu il martın 2-də imzalanmış peşəkar inkişafa dair əməkdaşlığı davam etdirmək niyyəti ilə bağlı birgə bəyannamənin icrası prosesi necə gedir?
- Hər bir müasir iqtisadiyyat üçün ixtisaslı işçilərin olması vacibdir. Qeyd etdiyiniz birgə bəyannamə özündə azərbaycanlı menecerlərə təlim keçirilməsini ehtiva edir. Menecer Təlim Proqramı (MTP) Azərbaycan şirkətlərinin menecerlərinə qloballaşan dünyada dayanıqlı olmağa və orada rəqabət aparmağa imkan verir. Həm qadınlar, həm də kişilər Almaniya şirkətləri ilə əlaqə qururlar. Pandemiya dövründə belə, proqram davam edir: 2020 və 2021-ci illərdə onlayn qaydada olub, amma ümid edirəm 2022-ci ildə bu əyani formaya keçəcək.
- 2020-ci ildə Azərbaycanın Almaniya ilə xarici ticarət dövriyyəsi 817,58 milyon dollar, o cümlədən ixrac 234,11 milyon dollar, idxal isə 583,47 milyon dollar təşkil edib. Bu göstəricidə ciddi azalma var. Azərbaycan və Almaniya pandemiyanın iqtisadiyyatın bütün sahələri üçün yaratdığı fəsadlarla necə mübarizə aparır? O cümlədən turizm və ticarət sahəsində?
- Pandemiya dünya ticarətinə, o cümlədən ikitərəfli iqtisadi əlaqələrimizə təsir edib. Ancaq əminəm ki, eniş uzun sürməyəcək. Həm Almaniya, həm də Azərbaycan iqtisadiyyatı pandemiyanın qlobal təsirindən kifayət qədər yaxşı qurtulub. Enerji daşıyıcılarına tələbatın artması fonunda Azərbaycan Almaniyanın enerji təchizatının şaxələndirilməsi səylərində mühüm rol oynamağa davam edir. Azərbaycanın “yaşıl energetika” və hidrogen əsaslı energetika sahəsindəki strategiyası texnologiyalar təklif edən Almaniya şirkətləri üçün cəlbedici olacaq. Turizmə gəlincə, ümid edirik ki, almanlar Azərbaycanın mənzərəsinin gözəlliyini, xalqının mehribanlığını və qonaqpərvərliyini, həm mədəni cəhətdən zəngin şəhərlərdə, həm də kənd yerlərində təqdim olunan şərab və yeməkləri yenidən kəşf edəcəklər. Almaniyanın “Lufthansa” aviaşirkətinin uçuşlarının bərpası ilə avqustun ortalarından etibarən Azərbaycanla Almaniya arasında birbaşa əlaqə bərpa edilib, uçuşların tezliyinin artması isə bu sektorun inkişafını nümayiş etdirir.
- Sizcə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında Enerji Siyasəti Dialoqu üzrə Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığı və Azərbaycanın Avropaya qaz tranziti ölkəsi kimi rolunu necə artıra bilər?
- Azərbaycanın energetika nazirinin müntəzəm olaraq federal xarici işlər və iqtisadiyyat və energetika nazirlərindən Enerji Keçidinə dair Berlin Dialoqunda iştirak etmək dəvətlərini qəbul etməsindən çox məmnunam. TAP-ın yardımı ilə Azərbaycanla Qərbi Avropa arasında qaz kəməri şəbəkəsi tamamlanıb. Qərargahı Almaniyanın Düsseldorf şəhərində yerləşən UNIPER şirkəti Almaniyaya qaz tədarükündə mühüm rol oynayır. Bundan əlavə, Almaniyanın Bərpa Olunan Enerji Agentliyi (DENA) və Azərbaycan Respublikasının Energetika Nazirliyi bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində sıx əməkdaşlıq edir. Beləliklə, Almaniya Azərbaycanın qeyri-neft sektorunu gücləndirmək və ölkəni postneft dövrünə uyğunlaşdırmaq siyasətini birbaşa dəstəkləyir.
- Bildiyimiz kimi, Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı tamamilə öz qərarlarından asılıdır. Bəs səfirlik Almaniya şirkətlərinin bu ərazilərə cəlb edilməsi üçün hansı tədbirləri görür?
- Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) Almaniya şirkətlərinə işğaldan azad olunmuş ərazilərin iqtisadi imkanları haqqında faydalı məlumatlar verir. Almaniyanın federal hökuməti Azərbaycan ərazilərinin işğalının ilk günlərindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək həm azərbaycanlıları, həm də erməniləri sonuncuların Azərbaycanın suverenliyi altında təhlükəsiz şəraitdə yaşamağa imkan verəcəyi dayanıqlı həll yolu hazırlamağa çağırıb. Bunu nəzərə alaraq, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün köçkünlərin təhlükəsiz şəkildə məskunlaşdırılması üçün bərpa ehtiyaclarını, minalardan təmizləmə ilə bağlı problemləri və humanitar problemləri müəyyən etmək məqsədilə geri qaytarılmış ərazilərin müxtəlif bölgələrinə araşdırma missiyası hazırlayıram. Bununla Almaniyanın bütün sektorlar üzrə şirkətlərinə, o cümlədən minalardan təmizləmə, inşaat, xidmət və ticarət sektorları üzrə ticarət şirkətlərinə daha ətraflı məlumat vermək mümkün olacaq.
- Daha əvvəl bizə dediyiniz kimi, Almaniya transsərhəd Oxçuçay çayının ağır metallarla çirklənməsinin aradan qaldırılması üzrə işlər üçün birgə platformaya Azərbaycanın vətəndaş cəmiyyətini cəlb etməyi planlaşdırır. Bununla əlaqədar BMT nümayəndələri ilə görüş planlaşdırılırdı. Bu istiqamətdə işlər necə gedir? Almaniya səfirliyi və hökuməti “Cronimet” mədəni ilə çayın çirkləndirilməsini dayandırmaq üçün hansı addımları atır?
- Sağlam və təmiz ətraf mühit insanın yaşaması üçün çox vacibdir. Xüsusilə suvarmanın kənd təsərrüfatında əsas rol oynadığı yerlərdə suyun çirklənməsini aradan qaldırmaq lazımdır. 2019-cu ildə erməni ətraf mühit fəallarının sərhəd bölgələrindəki dağ-mədən sənayesinə təzyiq göstərmək üçün gördükləri işləri böyük maraqla öyrəndik. Axı Almaniya şirkəti 2019-cu ildə səhmlərini satıb, görünür orada işləri başqa ölkənin şirkətləri işi davam etdirir. Almaniya hökuməti bütün dünyada, o cümlədən Cənubi Qafqazda təmiz ətraf mühitin yaradılmasını dəstəkləyir. Uzun illərdir ki, GIZ ətraf mühitin mühafizəsi üzrə regional proqramı həyata keçirir. Bu proqram çərçivəsində məlumat mübadiləsi platforması yaradılıb. Almaniya hökuməti bu platformadan istifadə edərək bölgədən - Azərbaycan, Ermənistan və Gürcüstandan olan mütəxəssisləri almaniyalı ekspertlərlə görüşə dəvət etmək niyyətindədir. Maraqlı tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ilə də əlaqə saxlayıblar. UNEP-in köməyi ilə hətta ekspert bilikləri artırıla da bilər. Əminəm ki, çirklənməni dayandırmaq və zərərin azaldılması regional mütəxəssislərin qarşılıqlı əlaqəsi ilə başlaya bilər. Gələcək nəsillər bizi siyasi mübahisələri həll etməməkdə günahlandıra bilər, ancaq Yer kürəsini onlara yaşamaq üçün yararsız vəziyyətdə miras qoysaq, bizə lənət oxuyacaqlar.