Almaniyada uşaq bağçaları, məktəblər və universitetlərdə sürətli koronavirus testinin tətbiqinə başlanılıb.
Almaniyanın Şimali Ren-Vestfaliya əyalətinin Uşaqlar, Ailə, Qaçqınlar və İnteqrasiya Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, bu məqsədlə təhsil müəssisələrinə pulsuz sürətli test paketləri verilib.
Bu testlər həftədə iki dəfə olmaqla istifadə edilməli və nəticəsi aidiyyatı qurumlara dərhal bildirilməlidir. Koronavirus testinin nəticəsi pozitiv çıxan şəxs evdə 14 günlük karantin altına alınmalıdır.
Nazirlikdən bildirilib ki, testlər yalnız evdə, təhsil müəssisəsinə gəlmədən iki saat öncə istifadə olunmalıdır.
“Bu bizə imkan verir ki, daha bir nəfərin pozitiv nəticəsinə görə, bütöv bir məktəbin, uşaq bağçasının və ya universitetin fəaliyyətini dayandırmayaq”, – Şimali Ren-Vestfaliya əyalətinin Uşaqlar, Ailə, Qaçqınlar və İnteqrasiya Nazirliyindən bildirilib.
Almaniyada infeksion xəstəlikləri öyrənən Robert Kox İnsitutunun yaydığı son statistik məlumata görə, bu ölkədə 240 700 aktiv koronavirus daşıyıcısı var. İndiyə kimi 78 249 nəfər bu virusun qurbanı olub, 2 665 500 nəfər isə sağalıb.
Ölkədə ən çox aktiv koronavirus daşıyıcısı Şimali Reyn Vestfaliya əyalətindədir. Son statistik məlumata görə, bu əyalətdə hazırda 50 471 aktiv koronavirus daşıyıcısı var.