"ABŞ-ın bütün hərbi texnikasının və qoşunlarının Əfqanıstandan çıxarılması prosesində Azərbaycan, Türkiyə və Pakistanın rolu böyük əhəmiyyətə malikdir".
Bu fikirləri “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys bildirib.
ABŞ Prezidenti Cozef Bayden aprelin 14-də amerikalı əsgərləri Əfqanıstandan mayda çıxarmağa başlamağı planlaşdırdığını bəyan edib.
Ekspertin fikrincə, bütün hərbi texnikanı Əfqanıstandan çıxarmaq, məntiqi baxımdan, ABŞ üçün çox çətin olacaq: “Qeyd etmək lazımdır ki, Prezident Bayden ABŞ senatoru olduğu ilk günlərindən bəri son qırx il ərzində, demək olar ki, bütün əhəmiyyətli xarici siyasət və milli təhlükəsizlik məsələsində səhvlərə yol verib... Texnikanın böyük hissəsi hava yolu daşına bilər. Pakistan və Orta Asiyadan keçən quru yollardan da istifadə ediləcək. Prezident Baydenin Ermənistanın faşist rejimini dəstəkləyən son bəyanatlarını və saxta “erməni soyqırımı”nı tanımasını nəzərə alsaq Ağ Ev üçün Bakı və İstanbuldakı hava limanlarından istifadəni təmin etmək çox çətin olacaq. Pakistanda isə Vaşinqton Əfqanıstanı tərk edən hərbi texnikasının və əsgərlərinin hava və quru yolu ilə daşınmasını və keçidini təmin etmək üçün böyük bir məbləğ xərcləyəcək”.
Onun sözlərinə görə, bu Baydenin prezidentliyi dövründə kritik bir məqamdır.
“Ağ Ev Avropanın ən vacib geosiyasi ölkəsi və oyunçusu olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib. Oxşar münasibət Azərbaycana da tətbiq olunub, çünki Vaşinqton ötən ilin payızında İkinci Qarabağ müharibəsinin 44 günü ərzində səssiz və (diplomatik baxımdan) hərəkətsiz qalıb. O, hazırda da əsassız olaraq Bakı ilə dondurulmuş münasibətləri saxlamağa davam edir”, – P.Teys deyib.