Ankarada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və qrupun digər üzvləri arasında görüş keçirilib.
"Report" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində baş tutan görüşdə iki qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional məsələlər, gündəlikdə olan digər aktual məsələlər müzakirə olunub.
Keçirilən görüşün Azərbaycanın müstəqilliyinin bərpası gününə təsadüf etməsi xoş sözlərlə ifadə olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun şanlı Qələbə qazanmasına Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək dəyərləndirən komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi bundan sonra da Türkiyə xalqının yanında olmağa davam edəcək.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparan deputatlar diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı sözün əsl mənasında Azərbaycan-Türkiyə münasibətlərində həyat gerçəyinə çevrilib.
Qeyd edək ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları Azərbaycan parlament heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək.
Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.