Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun "Report"a müsahibəsi
- Hesab olunur ki, Ermənistan - Azərbaycan münaqişəsi öz həllini tapıb. Amma Ermənistan tərəfindən daimi təxribatlar və indiyədək Azərbaycan mövqelərinin atəşə tutulması halları heç də regionda sülhün bərqərar olmasına kömək etmir...
- Onu deyə bilərəm ki, müharibə başa çatıb. Bu, Azərbaycan Ordusunun parlaq qələbəsi ilə yekunlaşan əsl müharibə idi. Dağlıq Qarabağ münaqişəsi bitib və Azərbaycan regionda yeni reallıq yaradıb. Məsələ başqadır: Ermənistan bu reallığı qəbul etməyə hazırdırmı?! Bu baxımdan, münaqişə həll olunmayıb. Ermənilər bu ərazinin onlara məxsus olduğunu deməyi sevirlər. Mən azad edilmiş ərazilərdə olmuşam. Ermənilər orada daşı daş üstündə qoymayıblar. Hər şey dağıdılıb. Bundan başqa, bu ərazilərdə başdan-ayağa minalar yerləşdirilib. Kim öz ərazisinə mina yerləşdirər və ya onu dağıdar?! Sanki bu torpaqlardan barbar tayfası keçib!
Azərbaycan İsrail və Türkiyə kimi dost ölkələrin dəstəyi ilə azad edilmiş əraziləri minalardan təmizləyir və bərpa edir. Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolu yoxdur. Ermənistanın yeni rəhbərliyi bunu çox gözəl başa düşür. Revanş əhval-ruhiyyəsi Ermənistan üçün növbəti fiaskoya səbəb ola, ölkəni pat vəziyyətinə sala bilər.
Azərbaycan öz ərazilərini bərpa edir və sülh istəyir. Lakin məşhur məsəldə deyildiyi kimi, “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu səbəbdən, Azərbaycan öz Ordusunu möhkəmləndirməli, hərbi potensialını inkişaf etdirməlidir. Ermənistan kimi təxribatçı ölkə ilə həmsərhəd Azərbaycan hər zaman müxtəlif növ çağırışlara hazır olmalıdır.
- Ermənistan mətbuatında Rusiya, Türkiyə və İranın regionda mümkün toqquşması, proksi-müharibələrin aparılma mövzusu fəal müzakirə olunur. Bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Sadaladığınız ölkələrdən hər birinin regionda öz geosiyasi maraqları var. Hazırda Rusiya Cənubi Qafqazda təhlükəsizliyin böyük qarantı kimi çıxış edir, kifayət qədər mürəkkəb regionda sakitliyi təmin edir. Türkiyə təkcə Azərbaycana dost və qardaş ölkə deyil, həmçinin müttəfiqdir. Şuşa bəyannaməsi elə-belə imzalanmayıb. İranın da Cənubi Qafqazda öz maraqları var.
Sadalanan ölkələrin hər birinin maraqlarının nəzərə alındığı regional əməkdaşlıq layihələri təklif etməklə, Azərbaycan bu mürəkkəb labirintdə bacarıqla manevr edir. Azərbaycan güclü regional oyunçudur. Bunu həm Rusiyada, həm Türkiyədə, həm də İranda başa düşürlər. Bu ölkələrin proksi-müharibələrin aparılmasında maraqlı olduqlarını düşünmürəm. Cənubi Qafqaza dəyişikliklər, Azərbaycanın həlledici rola malik olduğu yeni geosiyasi və geo-iqtisadi layihələr dövrü qədəm qoyub.
- Tarix boyu regionumuzda münaqişələr, müxtəlif növ qarşıdurmalar baş verib, bir sözlə, sakitlik olmayıb. Necə düşünürsünüz, Cənubi Qafqazda dayanıqlı sülhün olması mümkündür?
- Son 30 ildə Cənubi Qafqazda münaqişələr baş alıb gedirdi. Bura həm Ermənistan - Azərbaycan münaqişəsi, həm də Rusiya və Gürcüstan arasında qarşıdurma daxildir. Azərbaycan öz nümunəsi ilə beynəlxalq hüququn aliliyini nümayiş etdirərək ərazi bütövlüyünü bərpa etdi. Aydındır ki, Cənubi Qafqazda bir çox böyük dövlətlərin maraqları kəsişir. Bu səbəbdən, regionda sülh yalnız müxtəlif növ çağırış və təxribatlara sinə gərmək üçün güclü Azərbaycan Ordusu və güclü Azərbaycan iqtisadiyyatının olması şəraitində mümkündür. Azərbaycan hələ 5 il əvvəl təsəvvür edilməsi mümkün olmayan geosiyasi layihələr təklif etməklə, Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün tərəfdarı kimi çıxış edir. Əhəmiyyətli regional oyunçuların regionda həqiqi və sabit sülhün olmasında maraqlı olub-olmaması isə başqa məsələdir.
Nadiya Qafarova