Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyasına uyğunluğunu monitorinq edəcək.
“Report” AŞ-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iki həmməruzəçi - Bernd Feringer (Almaniya) və Stüart Dikson (Böyük Britaniya) 2012-ci ildə baş tutmuş öncəki monitorinqindən sonra baş verən hadisələrə diqqət ayıracaqlar.
Pandemiya ilə əlaqədar məruzəçilər Konqresdəki Azərbaycan milli nümayəndə heyəti, yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları, Milli Məclisin Regional əlaqələr komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədri və Azərbaycanın insan hüquqları üzrə müvəkkili ilə onlayn görüşəcəklər.
Onlar həmçinin ədliyyə nazirinin müavini, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri və Bakı şəhər icra hakimiyyətinin və digər yerli hakimiyyət orqanlarının nümayəndələri ilə də görüşəcəklər.
Görüşlərin yekununa əsasən hesabat hazırlanacaq və daha sonra ona Monitorinq Komitəsi tərəfindən baxılacaq.
Azərbaycan Avropa Yerli Özünüidarə Xartiyasını 2002-ci ildə ratifikasiya edib. Xartiyanı təsdiqləyən ölkələrdən onun müddəalarına riayət etmələri tələb olunur. Xartiya Avropada yerli özünüidarəetmənin əsasını təşkil edən minimum hüquqlar toplusunun həyata keçirilməsini tələb edir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi AŞ-yə üzv 47 dövlətdə bu prinsiplərə riayət edilməsini təmin edir.