Azərbaycan Ermənistandan konstitusiyada dəyişiklik etməsi ilə bağlı tələbində haqlıdır.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında avstriyalı siyasi analitik Klaus Jürgens deyib.
Onun sözlərinə görə, əgər Ermənistan konstitusiyasında başqa ölkələrə ərazi iddiaları varsa, bu halda regionda daimi sülhün bərpası mümkün deyil:
“Bu maneəni aradan qaldırmağın yolu da konstitusiya dəyişikliyidir. Bu, zaman alan bir proses olsa da, edilməsi lazımdır".
O qeyd edib ki, Azərbaycan əlindən gələni edir, yüksək səviyyədə danışıqlar, görüşlər aparır.
"Düşünmürəm ki, iki ölkə arasında münasibətlər gərginləşsə belə yeni bir qarşıdurma yaşansın. Artıq bundan sonra Azərbaycan torpaqları işğal edilə bilməz və ermənilər deyə bilməz ki, bu torpaqlar bizimdir. Təbii ki, bütün bunlar Azərbaycanın gücü ilə oldu. Amma regionda davamlı sülh və istiqrar üçün müvafiq həll yolları tapılmalıdır”, - o deyib.
Qarabağda mina təhdidinin hələ də yaşandığından təəssüfləndiyi bildirən politoloq müsbət nəticələrin mümkünlüyündən də danışıb:
“Şuşada keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak etdim. Mina təhlükəsi məsələsi Prezident İlham Əliyev və Azərbaycan hökumət nümayəndələri tərəfindən vurğulandı. Bildirildi ki, ermənilər xəritə verib, amma bu lazımsız və faydasızdır. Yəni minaların yerləşdirildiyi yerlər xəritədə doğru göstərilməyib. Təəssüf ki, müharibədən sonra da insanlar zərər görür və bu, çox ağrılı məsələdir. Mən bunun nə qədər uzanacağını bilmirəm. Amma Azərbaycanın əzmi sayəsində məsələnin müsbət həllinə ümid edirəm”.
Avstriyalı politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə yaradanlara dünya ictimaiyyəti etiraz edərsə, bunun prosesə çox köməyi dəyər, amma bunun üçün onların qarşısına çox güclü türk lobbisi çıxmalıdır.
Erməni terror təşkilatının onun da vətənində qırğınlar törətdiyini deyən Klaus Jürgens güclü erməni lobbisinin bu cinayətləri ört-basdır etmək “məharəti”ndən də bəhs edib.
“Vaşinqtonda yaşayan çox yaxın dostum dedi ki, erməni lobbisi hər yerdə var, Azərbaycan lobbisi niyə görünmür? Erməni lobbisi əvvəldən Azərbaycan və Türkiyəni hədəfləyib. 1983-cü ildə Avropada türk diplomatını qətlə yetirdilər. Qərbdə insanların çoxu hələ də erməni terrorunun mahiyyətini anlamır. Məsələn, "Erməni azadlıq hərəkatı" dedikdə düşünürlər ki, onlar sülh uğrunda mübarizə aparırlar və bu, dəstəklənəcək bir təşəbbüsdür. Halbuki bu hərəkat ASALA-nın özüdür. Erməni terror təşkilatları Vyanada da qırğınlar törədib və bu hadisələrlə bağlı kitab hazırda məşhurdur", - K.Jürgens vurğulayıb.
Onun sözlərinə görə, əvvəllər Vyanada qəzetlər “terrorçular türk diplomatları qətlə yetiriblər” başlıqlı yazılar yayımlayırdılar, çünki bunun ermənilər tərəfindən törədildiyini bilmirdilər.
"Lakin məsələ aydın olduqdan sonra “Erməni terrorçular türk diplomatları qətl etdilər” şəklində başlıq yazılırdı. Ona görə də Azərbaycan və Türkiyə diaspor fəaliyyətlərini birləşdirərsə və lobbilərini gücləndirərsə, böyüdərsə, haqq öz yerini tapar”, - o deyib.
Politoloqun fikrincə, bu istiqamətdə Azərbaycanın cəhdləri təqdir olunmalıdır:
“Ermənistan lobbisinin gücünü nəzərə almalıyıq. Onların çoxlu pulları və öz yanlış ideyalarını dəstəkləyəcək kilsələri var. Hökumətlər Azərbaycanın mövqeyini başa düşmürlər. Yəni biz obyektiv olmalıyıq. Ermənilər ağ yalanları ilə televiziyalara, qəzetlərə, Avropa Parlamentinə, milli parlamentlərə ayaq açırlar. Bunu görənlər “ermənilər haqlıdır” deyirlər. Ona görə də Azərbaycan həqiqətləri Braziliya, Paris, Berlin, Vaşinqton, Ottava və başqa parlamentlərə göndərilməlidir. Azərbaycan lobbisi deməlidir: Bizi parlamentinizə dəvət edin və dinləyin. Bu, uzun bir vaxt ala bilər, amma edilməlidir. Bu, sadəcə mənim fikrimdir. Düşünürəm ki, indi vəziyyət dəyişir. Hazırda Azərbaycan administrasiyası çox yaxşı işlər görür. Rəsmi Bakı hər şeyə diqqətli yanaşır. O, bütün dünyaya göstərir ki, sülh yolu ilə addımlayır”.