“İsrail bir çox sahələrdə, o cümlədən kibertəhlükəsizlik və müdafiə sənayesinin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu İsrailin keçmiş rabitə naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər uzun illərdir ki, inkişaf edir və onu çox səmimi adlandırmaq olar.
A.Kara vurğulayıb ki, Azərbaycan səfirliyinin Təl-Əvivdə möhtəşəm açılış mərasimindən sonra ikitərəfli münasibətlər daha bir pillə yüksəlib.
Sabiq nazir qeyd edib ki, ölkələr arasında əməkdaşlıq bir çox sahələrdə həyata keçirilir: mədəniyyət, tikinti, neft-qaz sənayesi və s.
“Hesab edirəm ki, bu sektorlardakı tərəfdaşlıq hər iki dövləti gücləndirir və buna görə də biz düzgün yoldayıq”, - o bildirib.
A.Kara dövlətlərin müxtəlif sahələrdə daha çox birgə layihələr həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və İsrail birlikdə gücdür.