Azərbaycanın Əqli Mülkiyyət Agentliyi ilə Rusiyanın Əqli mülkiyyət üzrə Federal Xidməti arasında anlaşma memorandumu imzalanacaq.
"Report" xəbər verir ki, artıq memorandomun layihəsi tam hazırlanaraq paraflanıb.
Bu sənədin Azərbaycan-Rusiya yüksəksəviyyəli görüşlərin biri çərçivəsində imzalanması planlaşdırılır.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin yekun versiyası Nazirlər Kabinetinə təqdim edilib, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qırğızıstan Hökuməti yanında Əqli mülkiyyət və innovasiyalar üzrə Dövlət xidməti arasında əqli mülkiyyət sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum” layihəsi üzərində işlər yekunlaşıb.
Türkiyə ilə əlaqələrin normativ-hüquqi bazasının genişləndirməsi məqsədilə bu ölkənin Patent və Əmtəə Nişanları Qurumu (TÜRKPATENT) və Əqli Mülkiyyət Agentliyi arasında sənaye mülkiyyətinin qorunması haqqında Anlaşma Memorandumu layihəsi tərəflər arasında işçi qaydada razılaşdırılıb.
Yaxın zamanlarda bu sənədə dair aidiyyəti dövlət qurumlarının rəyi bildirilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.