Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
Q.Lortkipanidze Azərbaycan səfirinə yeni vəzifədə uğurlar arzu edib və əməkdaşlığa ümidvar olduğunu qeyd edib.
F.Quliyev öz növbəsində Q.Lortkipanidzeni ədliyyə naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib.
Səfir Gürcüstan və Azərbaycan arasında hüquqi sahədə əməkdaşlığın daha da səmərəli olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bunun üçün ölkələr arasında ədliyyə, nəqliyyat, ticarət, energetika və turizm sahələrində mövcud sıx və fəal əməkdaşlıq zəmin yaradır.
Nazirlikdən qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında hüquqi əməkdaşlıq 1993-cü ildən etibarən Minsk konvensiyası çərçivəsində həyata keçirilir. Bununla yanaşı, ölkələr arasında 1997-ci ildə ikitərəfli saziş imzalanıb. 2000-ci ildə iki ölkə arasında imzalanmış Anlaşma haqqında memorandumla informasiya və hüquqi islahatlar sahəsində təcübə mübadiləsi aparılır.