Karib Hövzəsi Dövlətləri Assosiasiyasının dövlət və hökumət başçılarının Qvatemalanın Antiqua şəhərində baş tutmuş 9-cu Zirvə görüşündə Azərbaycanı ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov təmsil etmişdir. Zirvə toplantısında 35-dən çox ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edib.
Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Qısa söhbət zamanı səfir M.Talıbov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qvatemala Prezidenti Alexandro Ciammateiyə çatdırıb, ölkəmizin tədbirdə iştiraka dəvət olunmasına görə minnətdarlığını bildirib. Öz tərəfindən təşəkkürünü bildirən Qvatemala dövlət başçısı onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Tədbir çərçivəsində səfir M.Talıbov Qvatemalanın xarici işlər naziri Mario Bukaro, Panamanın xarici işlər naziri Xanayna Tevaney və Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə ikitərəfli görüşlər keçirib, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun salamlarını Latın Amerikasından olan həmkarlarına çatdırıb. Latın amerikalı ali diplomatlar öz növbələrində salamlarını nazir C.Bayramova çatdırmağı xahiş ediblər. Görüşlərdə ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin Karib Hövzəsi Dövlətləri Assosiasiyasının Baş katibi Rodolfo Sabonc ilə baş tutmuş görüşdə Azərbaycanın tədbirdə iştiraka dəvət olunmasına görə təşəkkür bildirilib, ölkəmizin sözügedən Assosiasiya və onun üzv dövlətləri ilə əlaqələri genişləndirməyə hazır olduğu diqqətə çatdırılıb. Baş katib Azərbaycanın Assosiasiyanın dövlət və hökumət başçılarının Zirvə görüşündə ilk dəfə iştirak etməsinin əlamətdar hal olduğunu, Karib hövzəsi ölkələrinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Qvatemala Prezidentinin sədrliyi ilə keçirilən tədbirin sonunda “Antiqua Bəyannaməsi” qəbul edilib.