Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı davam etdirdiyi mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, QHT-lər beynəlxalq ictimaiyyəti Azərbaycan xalqı ilə həmrəy olmağa və bu məsələdə ona dəstək olmağa, həmçinin Ermənistanı heç bir hərbi zərurət olmadan mülki ərazilərdə minalardan məsuliyyətsiz və əsassız istifadəsinin nəticələrini yumşaltmaq üçün hərtərəfli əməkdaşlığa dəvət etməyə çağırış edib.
Ötən gün Nadir Yusifovun, Səxavət Gözəlovun və Fərid Sədiyevin həlak olması ilə Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların partlaması nəticəsində ölən və ya yaralanan mülki şəxslərin sayı 301-ə çatıb.
"Bu insanların adlarını yadda saxlayın. Onların yeganə məqsədi 30 ilə yaxın işğal zamanı kimsəsiz çöllərə çevrilmiş ərazilərdə humanitar minatəmizləmə işlərini sürətləndirmək olub. Artıq onlar həyatda yoxdur və heç nə onları geri qaytara bilməz", - müraciətdə deyilir.
Hər bir belə hadisə sülh prosesini daha da çətinləşdirir. Ermənistan nəinki minalanmış sahələrə dair etibarlı məlumatların verilməsində əməkdaşlıqdan imtina edir, həm də Ermənistan ilə Azərbaycan sərhədində, eləcə də Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində mina yerləşdirməyə davam edir.
"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etməsinin qarşısını ala bilməyən Ermənistan ümid edir ki, mina terroru bizim torpaqlarımızı küldən bərpa etməyimizə mane olacaq. Əminik ki, xalqımız öz ata-baba yurdlarına qayıdacaq. Lakin bu qayıdış təhlükəsiz olmalıdır, minalar isə xalqımızın bu məsələdə üzləşdiyi ən böyük təhlükədir”, - QHT-lər bəyan edib.
“Bizə bu ərazilərdə yaşayacaq Azərbaycanın gələcək nəsilləri naminə torpaqlarımızı nifrətin dəhşətli irsindən təmizləmək lazımdır”, - müraciətdə deyilir.