“Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib”.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın.
Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Bundan sonra hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərini, fərqləri nəzərə alaraq bizim təklifimiz ondan ibarət olmuşdur ki, komissiya fərqli bir formatda təşkil edilməlidir, ona daha yüksək səviyyədə rəhbərlik olunmalıdır.
Azərbaycan tərəfinin təklifi Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən şəxsin Baş nazirin müavini səviyyəsində olması idi. Onu da qeyd edərəm ki, ilk telefon danışığım zamanı Ermənistan xarici işlər naziri bunu anlayışla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Sonradan Ermənistan tərəfi də belə bir təklifin onlar üçün məqbul olmasını qəbul etmişdir. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Ancaq qeyd etdiyimiz kimi hələ ki, ilk iclas keçirilməyib. Azərbaycan tərəfi artıq aprel ayında da bu iclasın keçirilməsinə hazır idi, biz yenə də hazırıq", - nazir bildirib.