“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan guşəsinə baş çəkən çoxsaylı ziyarətçilər arasında Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya da olub.
Azərbaycan səfiri Faiq Quliyev XİN rəsmisini guşə ilə yaxından tanış edib, sərgilənən milli suvenirlər və Azərbaycan isehsalı olan qida məhsulları barədə ətraflı məlumat verib.
Səfirlik adından L.Darsaliyaya milli suvenir, neftlə çəkilmiş rəsm əsəri və Azərbaycan çayı hədiyyə olunub. O, xeyriyyə yarmarkasına dəstək olaraq "Made in Azerbaijan" brendli konfet bağlaması alıb.
Nazir müavini Azərbaycan guşəsi ilə tanışlıqdan məmnun qalıb və hədiyyəyə görə təşəkkür bildirib.
Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi XXI qış xeyriyyə yarmarkası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi ikigünlük sərgi-satışa 15 səfirlik, Avropa İttifaqı, NATO, YUNİSEF və digər beynəlxalq təşkilatların nümayəndəlikləri qatılıblar.
Yarmarkada Azərbaycanın Gürcüstandakı səfirliyi də ayrıca guşə ilə iştirak edir. Guşədə milli suvenirlər və “Made in Azerbaijan” brendli müxtəlif çeşidli məhsullar yer alıb, Azərbaycan Turizm Bürosunun "Azerbaijan Travel. Showroom" qonaq mərkəzi ölkənin turizm potensialını əks etdirən broşurlar sərgiləyib.
Bununla yanaşı, "Rewoven" təşkilatı Borçalı və Qarabağ xalçalarından ibarət guşə ilə təmsil olunub.
Tədbir çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda Azərbaycanın milli mətbəx və şirniyyat nümunələri də təqdim edilib.
Azərbaycan diplomatik nümayəndəliyinin rəngarəng və zəngin guşəsi çoxlu ziyarətçi cəlb edib.
Yarmarkadan toplanacaq vəsaitlə ehtiyacı olan insanlar üçün xeyriyyə layihələri həyata keçiriləcək.