Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı üçtərəfli görüşlə bağlı fikir mübadiləsi aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
“Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlayıb. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirib.
Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.